Bu gün “Yeni Müsavat” qəzetinin baş direktoru, Medianews.az saytının təsisçisi Ələsgər Süleymanovun 50 yaşı tamam olur. Ələsgər Süleymanov 1972 -ci ildə Bakıda anadan olub. O, 1978-1988-ci illərdə Tərtər şəhəri 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra, 1990-cı ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra (1992-ci ildə) Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. 1996-cı ildə həmin universitetdən məzun olub.
Ə.Süleymanov gənclik illərindən, 1993-cü ildən bu günə kimi “Yeni Müsavat” media qrupunda fəaliyyət göstərir. O, 50 illik ömrünün 29 ilini “Yeni Müsavat” qəzetinə və ümumiyyətlə, bu ad altında fəaliyyət göstərən media qrupa həsr edib.
Ələsgər Süleymanov 2012-2016-cı illər arasında hüquqşünas ixtisasıına da yiyələnib. O, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin məzunudur. Onu yaxından tanıyanlar yaxşı təşkilatçı, etibarlı iş yoldaşı, sadə və yardımsevər insan olduğunu bildirirlər.
2015-ci ildə Ələsgər Süleymanov mediamızın inkişafındakı xidmətlərinə görə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Biz də Medianews.az kollektivi olaraq Ələsgər bəyi 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və daha böyük nailiyyətlər arzulayırıq!.. Arzu edək ki, Ələsgər bəy yüz yaşını bərpa olunmuş Qarabağda, Ağdamda, ata yurdu olan Xıdırlıda qeyd etsin.
Medianews.az