Deputata Fazil Mustafa yerli saytlardan birinə açıqlaması zamanı bildirib ki, təəssüf ki, bu gün ölkədə müəllimlər, şagirdlər arasında narkotik vasitələrdən istifadə halları var.
“Hətta məktəblərdə dərs deyən qadın müəllimlərin içərisində siqaretdən istifadə halları xeyli artıb. Bu da şagirdlər üçün böyük təhlükədir. Çünki uşaq gördüyünü götürür. Bununla hamılıqla mübarizə aparmaq lazımdır. Bunun qarşısını indidən almasaq, gələcəkdə dəhşətli faciələr baş verəcək”.
Millət vəkili qeyd edib ki, cəmiyyət olaraq ölkədə narkomaniyaya qarşı dirəniş göstərilməlidir.
Bu sahədə işə qəbul zamanı yoxlamalar aparılmalıdırmı? Məktəblərdə dərs deyən müəllimlər arasında belə halların olması uşaqlar üçün təhlükə deyilmi?
Narkomaniya üzrə ekspert Emil Maqalov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, testləşdirmə vasitəsi ilə bunun qarşısını almaq mümkün deyil. Çünki bu gün dörd narkotikdən istidafə olunur.
“Bu narkotiklərin isə sidikdə qalma müddəti var. Qan analizi isə ölkədə yoxudur. Yalnız bir yerdə var o da çox bahalıdır. Yəni biz müəllimləri ildə bir dəfə və ya işə götürən zaman test edəcəyiksə, həmin şəxs yoxlamadan əvvəl narkotikdən istifadə etməyəcək. Çünki onlar bizdən qat-qat yaşı bilir bu məsələlərdən yayınmağı.
Digər bir məsələ isə odur ki, tutaq ki, biz hansısa müəllimi aşkarladıq, 30 sutka həbs etdik və biz artıq bu insanı məhv etdik. Çünki bu insan içəridən çıxdıqda heç kim onu işə götürməyəcək. İkinci bir problem isə odur ki, bu şəsxlər ya 15, 30 sutka həbs edilməlidir, ya da müalicə müəssisələrinə yerləşdirilməlidir. Müalicə müəssisələrimizdə isə yer məhdudiyyəti, iki-üç aylıq növbələr var. Ona görə də əvvəlcə bu problemləri həll etmək lazımdır.
Üçüncü bir məsələ isə odur ki, narkotikdən qurtulmaq üçün reabilitasiya mütləqdir. Bunun üçün də əvvəlcə reablitasiya mərkəzləri yaradılmalıdır”.
Leyla
Medianews.az