Rusiya lideri Vladimir Putinin keçmiş iqtisadi müşaviri Andrey İllarionov iddia edib ki, Rusiyanın enerji ticarətinə “əsl embarqo” Ukraynada müharibəni dayandıra bilər.
BBC-nin xəbərinə görə, Andrey İllarionov Qərb ölkələrinin Rusiyadan enerji istifadəsini azaldacaqları ilə bağlı bəyanatını Kremlin ciddi qəbul etmədiyini bildirib.İllarionov Qərbin Rusiyadan neft və qaz ixracına güclü embarqo qoyacağı təqdirdə Moskvanın Ukraynadakı əməliyyatlarını “bir-iki aya” dayandıracağını iddia edib.
Enerjinin Qərb ölkələrinin əlində ən təsirli vasitələrdən biri olduğunu vurğulayan keçmiş müşavir Putinin iqtisadi cəhətdən zərbə almağa hazır olduğunu bildirib.
Gələcəyə dair vədlərə baxmayaraq, Avropa hələ də Rusiya qazı və neftini almağa davam edir. Ötən il enerjidən əldə olunan gəlir Rusiyanın xərclərinin 36 faizini təşkil edib. Bu gəlirin böyük hissəsi Avropa Birliyi ölkələrindən əldə edilib. Aİ istehlak edilən qazın 40 faizini, neftin isə 27 faizini Rusiyadan idxal edir.
Bu idxalın böyük hissəsi Almaniyanın payına düşür.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Rusiyadan alınan enerjiyə hər gün bir milyard avro verdiklərini söyləyir.
Turan Oruc
Medianews.az