“Qarabağda, hətta Ermənistan ərazilərində hələ də kütləvi məzarlıqlar aşkar edilməkdədir. Rəsmi qurumların verdiyi məlumata görə, ötən il Ermənistandan Azərbaycan tərəfinə I Qarabağ müharibəsində əsir götürülmüş və sonra vəhşicəsinə öldürülmüş 100-ə yaxın şəxsin cəsədinin qalıqları təhvil verilib”.
Bu sözləri Medianews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. O, qeyd edib ki, bütün bunlar Ermənistandan Azərbaycan vətəndaşlarına qarşı təkcə 30 il ərzində törədilmiş hərbi və bəşəri cinayətlərin bir qismidir:
“Azərbaycan xalqı 30 ilə yaxın bir müddət ərzində Ermənistan silahlı qüvvələrinin işğalından əziyyət çəkib, bütün Qarabağ və Şərqi Zəngəzur ərazisi düşmənin tapdağı altında qalıb, şəhər və kəndlərimiz dağıdılıb, mədəni və dini abidələrimiz məhv edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla ermənilər öz kimliklərini nəinki Azərbaycan xalqına, eləcə də bütün dünyaya göstərdilər. Ən başlıcası isə yüz minlərlə azərbaycanlı öz doğma yurdundan zorla qovulub, minlərlə insan azərbaycanlı olduqlarına görə işgəncələr verilib, əsir götürülüb, qətlə yetirilib. 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Qarabağda, hətta Ermənistan ərazilərində hələ də kütləvi məzarlıqlar aşkar edilməkdədir. Rəsmi qurumların verdiyi məlumata görə, ötən il Ermənistandan Azərbaycan tərəfinə I Qarabağ müharibəsində əsir götürülmüş və sonra vəhşicəsinə öldürülmüş 100-ə yaxın şəxsin cəsədinin qalıqları təhvil verilib.
Bütün bunlar Ermənistandan Azərbaycan vətəndaşlarına qarşı təkcə 30 il ərzində törədilmiş hərbi və bəşəri cinayətlərin bir qismidir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, “Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.
A.Hüseynov bildirir ki, bu gün dünya insanlığa qarşı törədilmiş cinayətlərin müəlliflərini axtarır: “Zaman-zaman belə dövlətlərə, yaxud da cinayəti bilavastə törədənlərə qarşı beynəlxalq hərbi tribunalardan hökmlər çıxarıldığının şahidi oluruq. Amma bu siyahılarda Ermənistanın və onun cinayətkar liderlərinin adlarına rast gəlmirik. Niyə? Məgər dünya ölkələrində, beynəlxalq təşkilatlarda Xocalı soyqırımı, Ermənistan ordusunun 366-cı alayla birgə törətdiyi vəhşiliklər barədə məlumat yoxdurmu? Bu hadisə cəmi 30 il bundan öncə baş verib, soyqırımının dəhşətli görüntüsü foto və video kameraların yaddaşına həkk olunub. Bu barədə çoxsaylı şahid ifadələri var, amma Ermənistan dövlətinə, cinayətdə əli olan şəxslərə qarşı heç bir hüquqi prosedur tətbiq olunmur, sanki bu qətliam baş verməyib. Hələ ötən əsrin əvvəllərində, daha dəqiq desək 1918-ci ildə Bakıda və Azərbaycanın əksər bölgələrində erməni-daşnak-bolşevik quldur dəstələrinin azərbaycanlılara qarşı törətdikləri hadisələrdən danışmamaq olmur. 1905-1906-cı illərdə Cənubi Qafqazda, 1917-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba qəzalarında, eləcə də Qarabağ, Zəngəzur bölgələrində, İrəvan quberniyasında türk-müsəlman əhalisinə qarşı törədilmiş kütləvi qırğınlar haqqında arxiv materiallarına əsaslanan ətraflı məlumatlar var. Azərbaycanın İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində isə Andranikin, Dronun, Njdenin silahlı dəstələri azərbaycanlıların kütləvi qətliamını həyata keçirmişdilər. Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirmiş, meyitlərini isə Araz çayına atmışdılar…”
Ekspertin sözlərinə görə 1940-1990-cı illərdə Ermənistanın Azərbaycan xalqına qarşı tətbiq etdiyi deportasiya, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti barədə də kifayət qədər araşdırma materialları bu gün də arxivlərdə saxlanılır: “Bu gün erməni silahlılarının Kəlbəcərin Başlıbel kəndində törətdiyi qanlı olayların növbəti – 29-cu ildönümü qeyd edilir. Erməni silahlıları kəndi işğal edərkən misli görünməmiş vəhşiliyə əl atıblar. Kəndin silahsız 62 sakini erməni zülmündən qaçaraq dağlardakı mağaralara sığınıblar. Erməni quldurları onları həmin mağaralarda ələ keçirərək vəhşicəsinə güllələyiblər. Bütün bu hadisələr şahidlərin dili ilə danışılır, beynəlxalq təşkilatlara tutarlı məlumatlar verilib. Amma dünya hələ də bu cinayətlərə səssiz qalmaqda, ədalətsizliyə göz yummaqda davam edir.
Azərbaycan 2020-ci ildə 44 günlük II Qarabağ – Vətən müharibəsi ilə dünyanın hərb tarixində yeni səhifə yazdı. Düşmənə layiqli dərs verildi.
Azərbaycan 30 il Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi barədə haqlı tələblər irəli sürsə də, beynəlxalq təşkilatlar qarşısında faktlarla çıxış etsə də bu işğalçı əmələ “dur” deyən tapılmadı. Azərbaycan münaqişənin diplomatik yolla həllinə üstünlük verdi, yüzlərlə görüşlər keçirildi, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə təmaslar quruldu, hətta BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi, amma bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsinə heç bir təsir göstərmədi. BMT öz qərarına, qətnaməsinə sadiq qalmadı, bu sənədlərin realizə olunmasına cəhd belə etmədi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransa ədaləti unutdular, özlərinin imza atdıqları sənədləri görməzdən gəldilər. Minsk qrupu isə münaqişəni həll etməkdən çox, onu konsevləşdirməyə, dondurmağa üstünlük verdi. Bu da təbii ki, Azərbaycanı qane edə bilməzdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim səbrimiz də sonsuz deyildi və…”.
Milli məclisin deputatı tarixə qızıl hərflərlə yazılmış 44 günlük müharibə haqqında hər kəsin danışdığını və bütün dünya Azərbaycan Prezidenti tərəfindən hazırlanmış unikal hərbi strategiyanı müzakirə etdiyini vurğuladı: “Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda, Ermənistanın dağıtdığı, viran qoyduğu ərazilərimizdə quruculuq işləri aparır, meqalayihələr həyata keçirir, infrastruktur yenidən qurulur. 30 ilə yaxın öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın geriyə, öz evlərinə dönüşünə, Böyük Qayıdışa hazırlıq gedir”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.
Xəyalə Rəis
Medianews.az