Rusiyanın Buça şəhərində törətdiyi qətliam hələ də dünyanın gündəmindədir.
Medianews.az xəbər verir ki, ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar elan edəcəyini açıqlayıb.
Yeni sanksiyaların Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına, onun hər iki qızının siyahıya daxil edildiyi iddia edilib. Putinin çox görünməyən hər iki qızı; 35 yaşlı Katerina Tixonova və 36 yaşlı Mariya Vorontsovanın aktivləri dondurulacaq və onlara səyahət qadağası qoyulacaq.
Qeyd edək ki, Ukraynanın Buça şəhərində 410 mülki şəxsin cəsədi tapıldıqdan sonra ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq və bir çox Avropa liderləri Rusiyaya qarşı sanksiyaların artacağını bəyan etmişdilər.
Buça qətliamına görə Avropa İttifaqı dünən Rusiyaya qarşı tətbiq olunacaq beşinci sanksiyalar paketini açıqlayıb.
Komissiya sədri Ursula fon der Leyen deyib: “Birincisi, biz Rusiyadan kömür idxalına ildə 4 milyard avroluq qadağa qoyacağıq. Bu, Rusiya üçün daha bir mühüm gəlir mənbəyini kəsəcək”.
Putini cəzalandırmaq üçün sanksiyaların daha da sərtləşdirilməsi ilə razılaşan Aİ liderləri Putinin yaxın çevrəsini də siyahıya salmağı planlaşdırır. Aİ-nin rusiyalı oliqarx və siyasətçilərə qarşı tətbiq etdiyi sanksiya siyahısına Putinin iki qızının da daxil ediləcəyi gözlənilir.
Onu da qeyd edək ki, bu sanksiyalar paketi Aİ-nin 27 üzvü tərəfindən təsdiqlənməlidir.
Turan Oruc
Medianews.az