“Ukrayna savaşının nə qədər davam edəcəyi bir çox faktorlardan asılıdır. Çünki, müharibə sadəcə, Rusiya və Ukrayna arasında gedən savaş deyil”.
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, bu savaşda Rusiya və Ukrayna orduları vuruşsa da, əslində, müharibənin əsas iştirakçı tərəflərindən biri səhnə arxasındadır. Yəni, bu müharibə daha çox ABŞ və Qərb ilə Rusiya arasındadır:
“Ona görə də, Ukrayna savaşının sona çatması üçün ABŞ və Qərbin də öz hərbi-strateji hədəflərinə çatması lazımdır. Əks halda, ABŞ və Qərb Rusiya-Ukrayna sülh danışıqlarında hər hansı anlaşmanın əldə olunmasına imkan verməyəcək. Yəni, bu baxımdan, Ukrayna savaşının dayandırılması məqsədi daşıyan Türkiyənin vasitəçilik missiyası qarşısında ən böyük əngəl hazırda ABŞ və Qərbin bu müharibə ilə bağlı maraqlarıdır.
ABŞ və Qərb Ukraynada “savaş bataqlığı”na saldığı Rusiyanın mümkün qədər uzun müddət bu müharibədə tutub, zəifləməsinə cəhd göstərir. Hazırda Ağ Ev bu hədəfinə müəyyən qədər nail olmuş kimi görünür. Ancaq ABŞ-ın əsas hədəflərindən biri də Rusiya iqtisadiyyatının tamamilə çökdürülməsidir. Ağ Ev bununla Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılmış və beynəlxalq supergüc statusunu itirib, sıradan dövlətə çevrilməsinə çalışır. Ona görə də, ABŞ və Qərbin Ukrayna savaşının yaxın vaxtlarda bitməsinə əngəl törətməyə çalışacağı qətiyyən şübhə doğurmur”.
Siyasi şərhçinin sözlərinə görə, hazırda Kreml də, rəsmi Kiyev də savaşdan mümkün qədər “qürurlu sülh müqaviləsi” ilə çıxmağa çalışır:
“Çünki, hər iki tərəf artıq anlayır ki, Rusiya və Ukrayna savaşsa da, müharibədə məhz ABŞ qalib gəlməkdədir. Bu vəziyyətin yaxın vaxtlarda dəyişəcəyi isə o qədər də inandırıcı görünmür.
Böyük ehtimalla ABŞ və Qərb Ukrayna savaşının mümkün qədər daha çox uzadılması məqsədilə əlindən gələn hər şeyi etməyə çalışacaq. Hətta Rusiya və Ukrayna sülh sazişi üzərində anlaşma əldə etsə belə, ABŞ və Qərb bu razılaşmanı hər hansı bir bəhanə ilə pozaraq, silahların susmasına imkan verməyəcək”.
Leyla
Medianews.az