ROKETSAN qurudan, dənizdən və hava platformalarından buraxıla bilən, 150 kilometrdən çox mənzilli yeni nəsil qanadlı raket olan “Çakır”ı hazırlayır.
Medianews.az xəbər verir ki, “Çakır”ın ən diqqət çəkən xüsusiyyətləri platformada çoxlu daşınmaya imkan verən dizaynı və sürü konseptindəki tapşırıqları yerinə yetirmə qabiliyyətidir.
ROKETSAN-ın istehsalı olan “Çakır”ın tanıtımı üçün mətbuat konfransı keçirilib. Yığıncaqda Müdafiə Sənayesi Başçısı İsmayıl Dəmir, ROKETSAN İdarə Heyətinin sədri Faruk Yiğit, ROKETSAN baş direktoru Murat İkinci, Qərargah Qrup Başçı Köməkçisi və Texniki Qrup Başçısı Osman Okyay iştirak edib.
İclasda verilən məlumata görə, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” qanadlı raketi ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə silahlı qüvvələr üçün yeni güc olacaq.
Sabit və fırlanan qanadlı təyyarələrdən, pilotsuz uçuş və dəniz vasitələrindən, taktiki təkərli quru vasitələrindən və yerüstü platformalardan buraxıla bilən yeni qanadlı raket “Çakır”, istifadəçiyə quru və dəniz hədəflərinə qarşı geniş əməliyyat alternativləri təklif edir.
ROKETSAN-ın öz qaynaqları ilə hazırlanan qanadlı raketin dizayn işləri davam edərkən, bu il ərzində ilk sınaq atəşi “Akıncı”dan atılacaq və platforma inteqrasiyası 2023-cü ildə hədəflənir.
Turan Oruc
Medianews.az