Son günlərdə Rusiyanın Azərbaycana qarşı daha da aqressiv davranışlarının şahidi oluruq. Gah Rusiya Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Fərrux kəndidə və həmçinin yüksəkliyindəki qalibiyyətini təkzib edən müəyyən məlumatlar yayır, gah Azərbaycana məxsus saytların Rusiyadan girişinə qadağa qoyur.
Get-gedə artan bu gərginlik nədən xəbər verir? Rusiya Ukraynadan sonra Cənubi Qafqazda ikinci cəbhə aça bilərmi?
Siyasi şərhçi Turan Rzayev Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, Rusiya Ukraynadakı müharibədə istədiyi nəticəni əldə etsə və qısa müddət ərzində, yəni bir neçə saat və ya günə hakimiyyəti dəyişsəydi o zaman yönünü Cənubi Qafqaza çevirə bilərdi.
Onun sözlərinə görə, indiki məqamda bunun olma ehtimalı azdır: “Azərbaycanla Rusiya arasında konfliktin yaranmasına səbəb yoxdur. Çünki Azərbaycanla Rusiya arasında sülh və müttəfiqlik razılaşması var. Bu razılaşmaya görə tərəflər nəinki bir-birinə müharibə etmək, hətta bir-birini müdafiə etməlidirlər. Bu səbəbdən də iki ölkə arasında gərginliyin olacağını düşünmürəm.
Digər tərəfdən Ermənistanla da eyni hal baş verə bilər. Çünki Ermənistan KTMT-nin üzvüdür və təşkilat daxili qaydalara görə Rusiya ilə Ermənistan arasında da belə bir hal baş verə bilməz. İşin maraqlı tərəfi ondadır ki, Ermənistanla Azərbaycan arasında gərginlik yarandıqda Rusiya burada da neytrallığını qorumalıdır. Çünki biri ilə müttəfiqdir, digəri ilə isə KTMT daxili razılaşması var. Rusiya iki ölkə arsında ənənəvi olaraq moderator ola bilər və yaxud tərəfləri sakitləşdirmək üçün vasitəçi missiyasını irəli sürə bilər. Bunların xaricində iki ölkə ilə hələki gərginlik yaşama ehtimalının olduğunu düşünmürəm”.
Siyasi şərhçinin sözlərinə görə, hələlik Cənubi Qafqazda ikinci cəbhə ethimalı ən çox Gürcüstanla bağlıdır:
“Bilirsiniz ki, Gürcüstanda Abxaziya və Osetiya problemləri var. Rəsmi Tiflis əgər qərb blokuna qoşulsaydı, Rusiyaya qarşı sərt sanksiyalar qoysaydı, Rusiya buna cavab olaraq Gürcüstanda da gərginlik yarada bilərdi.
Ukraynadakı ssenarinin Gürcüstanda baş vermə ehtimalı ən realıdır. Çünki Gürcüstanda da iki separatçı bölgə var. Bunun xaricində yeni separatçı ocaqlar da yarana bilər. Məsələn, Acaya kimi potensial ərazilər var. Yəni bu reallıqları nəzərə alsaq, Rusiyanın bu ərazidə ikinci cəbhə aşmaq ehtimalı var idi. Amma görürük ki, Gürcüstan da Rusiyaya qarşı əks mövqedə deyil. Gürcüstan hakimiyyəti indiki məqamda Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Buna görə də bu versiya da indiki məqamda özünü doğrultmur. Amma Azərbaycan və Ermənistana nəzərən Rusiyanın Gürcüstanla konfliktə girməsi realdır. Bu, rəsmi Tiflisin atacağı addımlardan asılıdır.
Nəticə etibarı ilə Rusiya Ukraynaya müharibə fonunda Cənubi Qafqazda ikinci bir cəbhə açacağını düşünmürəm və bunun üçün hələlik bir səbəb yoxdur”.
Leyla
Medianews.az