Rusiyanın dövlət kanalında yayımlanan verlişlərdə yenidən Azərbaycanla bağlı təxribatlar davam etdirilməkdədir.
Belə ki, “60 dəqiqə” proqramında Rusiya-Ukrayna müharibəsi müzakirə edilən zaman qəfildən mövzunu dəyişib və söhbət Qarabağa yönəldilib. Müzakirədə Mixail Delyagin Azərbaycanın razılaşmanı pozduğunu və buna görə cəzalandırmalı olduğunu bildirib.
Siyasi şərhçi Samir Hümbətov Medinews.az saytına açıqlaması zamanı bildirib ki, bu ilk baxışda Azərbaycana qarşı təhdid xarakteri daşıyır və yəqin ki, bir aydan artıqdır Ukrayna bataqlığında çabalayan Rusiya Ordusu Azərbaycana əzələ nümayiş etdirmək xəyalına düşüb.
“Hər halda Rusiyadakı bəzi dairələr yaxşı anlamalıdırlar ki, Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır, bunu bütün beynəlxalq hüquq norma və prinsipləri də təsdiq edir. Orada baş verən istənilən razılaşma və qərarlar da Azərbaycanın istəyi və tələbinə uyğun tənzimlənir.
İkincisi Azərbaycan Rusiya üçün nə Ermənistandır ki, vassal hesab etsin və əmrlərini diktə etsin, nə də Ukraynadır ki, yalnız görüb işğalçılıqla təhdid etsin. Üçüncüsü Azərbaycan 15 iyun 2021-ci ildə qardaş Türkiyə ilə müttəfiqlik haqqında Şuşa bəyannaməsini imzalayıb. Bu isə o deməkdir ki, Azərbaycana qarşı istənilən aqressiya Türkiyəyə qarşı aqressiya kimi qəbul edilir.
Dördüncüsü Azərbaycan elə Rusiyanın özü ilə də 22 fevral 2022-ci ildə müttəfiqlik haqqında Moskva şəhərində 43 bəndlik müqavilə imzalayıb və görünür ki, Rusiya tərəfi öz imzasına hörmət etmək istəmir. Beşincisi isə Azərbaycan Silahlı Qüvvələri II Qarabağ savaşında nümayiş etdirdi ki, o XXI əsrin deyil, hətta XXII əsrin müharibəsini aparmağa qadirdir.
Fikrimcə, yuxarıda qeyd edilənləri nəzərə almaqla və indiki halda beynəlxalq birlik tərəfindən Rusiyaya qarşı tətbiq edilən təzyiqləri düzgün dəyərləndirərək Azərbaycana qarşı təhdid dili ilə danışmağı leksikonlarından çıxararlar. Əks halda bu ritorika dövlətlərarası münasibətləri zəifləməsinə qədər gedə bilər ki, bu da indiki halda nə Azərbaycana, nə də Rusiyaya lazım deyil”.
Leyla
Medianews.az