“Ukrayna ordusu indiki məqamda gərək olanı edir. Addım-addım taktiki gedişlərlə işğaldakı ərazilərini, yaşayış məntəqələrini azad edir. Ən əsası əks hücumda, əksər müharibələrdə olduğu kimi qızışıb səhvə yol vermir”.
Bu fikirləri hərbi ekspert Tərlan Eyvazov Medianews.az saytına bildirib.
Onun sözlərinə görə, rus ordusu artıq öz səhvlərindən nəticə çıxarıb geriyə çəkilir, köhnə cəbhə xətti istiqamətinə toparlanır.
“Orada məlum vilayətlər və sərhədə yaxın olduğu üçün daha geniş imkan qazanmağa çalışacaqlar. Görünən budur ki, görülən tədbirlər nəticə verdi, Belarus ordusu bilavasitə müharibəyə qatılmadı”.
Hərbi ekspertin sözlərinə görə, Putinin ümidi rəqibini daha geniş və düzənlik ərazilərlərə çəkməklə onun gücünün səpələnməsinə nail olmaq, imkan düşsə Ukrayna ordusunu mühasirəyə alıb parçalamaqdır:
“Ən azı isə məlum vilayət və ətrafdakı işğal etdiyi əraziləri əlində saxlayıb atəşkəsə getmək, daha sonra saxta referendumlar yolu ilə bu əraziləri ölkəsinə qatmaqdır. Luqanskın qondarma rəhbəri artıq bunun anonsunu verib. Bununla Krım variantı işlədib məhv olan reytinqini saxlamaq, vətəndaşlarına nəyəsə nail olduğunu sübut etmək istəyirlər.
Rus televiziyalarında gedən reportajlara diqqət etsək, onlar işğal etdiləri əraziləri, “azad etdik” deyə təqdim edirlər. 30 il öncə ermənilər də həmin ifadəni işlədirdilər. Eyni məktəb, eyni ideya. Amma alınmayacaq. Çünki Ukrayna ordusu işğalçıları yalnız qovmur, həm də məhv edib birdəfəlik sıradan çıxarır. Eynən bizim 44 günlük savaşda düşmənə etdiyimiz kimi”.
Leyla
Medianews.az