Rusiya Müdafiə Nazirliyi 2022-ci il 27 mart tarixində həqiqəti əks etdirməyən və birtərəfli açıqlama yayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə açıqlama yayaraq bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyil.
Siyasi şərhçi Mübariz Göyüşlü Medianews.az saytına məsələ ilə bağlı açıqlaması zamanı bildirib ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat, son dövrlər etdiyi hərəkətlər müttəfiqlik ruhuna, Azərbaycanın Rusiyaya göstərdiyi qonşuluq, qarşılıqlı hörmət və etimad münasibətlərinə ziddir. Onun sözlərinə görə, faktiki olaraq bu baş verənlər düşmənçilik münasibətidir.
“Ona görə ki, biz hələ də Ermənistanla düşmən dövlətlər vəziyyətindəyik. Yəni sülh müqaviləsi imzalanmayıb, Ermənistan bizim sərhədlərimizi və suverenliyimizi tanımayıb, Qarabağda da separatçılıq əməllərinə son qoymayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat, orada Fərrux kəndinin adını “Furux” kimi yazmaq, “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ Silahlı Qüvvələri” ifadəsini, Azərbaycan ordusunun PUA-lardan istifadə etdiyini qeyd etmək təbii ki, düşmənçilik münasibətidir. Burada Rusiya Müdafiə Nazirliyi yazılmasaydı, mən zənn edərdim ki, bu, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasıdır.
Rusiya dövlətini uçuruma aparan elə məhz bəzi xəstə təfəkkürlü hərbi-siyasi elita təmsilçilərinin iddialarının nəticəsidir. Həmin o xəstə təfəkkür və yalnış ideoloji istiqamət Rusiyanı uçuruma aparır. Necə ki, Rusiya bu gün Ukraynada onu məhvə aparan, dünyadan təcrid edən, əhalisini əziyyətə salan bir avanturaya, hərbi aqressiyaya baş qoşub, eləcə də bu açıqlama Rusiyanı Azərbaycanla və paralel olaraq Türkiyə ilə qarşıdurmaya sürükləyən məsələdir. Çünki Azərbaycan Türkiyə ilə çox sıx müttəfiqdir və Şuşa Bəyənnaməsi imzalanıb. Bu bəyənnamə isə dolayısı ilə o deməkdir ki, Azərbaycana hansısa təcavüz olunarsa, bu Türkiyəyə edilmiş kimi sayıla bilər. Yəni Rusiya bu gün başı bu qədər problemdə ola-ola bir də özünün Azərbaycanla münasibətlərini gərginləşdirməyə doğru xətt götürür. Bu siyasət, mənasız, ağılsız imperiya ambissiyaları Rusiyanı məhvə aparan prosesdir”.
Siayasi şərhçi qeyd edib ki, Azərbaycan 30 il əvvəlki dövlət deyil və Rusiya bunu anlamalıdır.
“Azərbaycan Fərrux kəndinə nəzarəti bərpa edib, Xankəndi və digər ərazilər də tam olaraq Azərbaycanın nəzarətinə keçməyə hazır durumdadır. Azərbaycan Ordusunun buna gücü var və “Dəmir yumruq” yerindədir. Rusiya bu yoldan nə qədər tez dönərsə, bu onun üçün faydalı olar. Azərbaycanla hərbə-zorba dili ilə deyil, qarşılıqlı anlayış, anlaşma ilə danışmaq, münasibət qurmaq daha məqsədə uyğundur”.
Leyla
Medianews.az