Rusiya daxilində müxtəlif verilişlərin, kanalların, xəbər saytlarının, hətta bəzi cizgi filmlərin belə verilişinə qadağalar tətbiq edilib.
Belə ki, Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) “Masyanya” cizgi serialının epizodlarının yer aldığı sayta girişi məhdudlaşdırıb.
Bu barədə “Masyanya”nın yaradıcısı Oleq Kuvayev öz “Facebook” səhifəsində məlumat verib.
“RBC-Ukrayna” xəbər verir ki, “mult.ru” saytı Rusiya Federasiyası Baş Prokurorluğunun qərarı əsasında bloklanıb. Lakin o, saytın adı hələlik “Roskomnadzor”un qadağan olunmuş saytlarının reyestrində yoxdur.
Qeyd olunur ki, sonuncu epizodda Masyanya və digər cizgi filmi personajları Ukraynada baş verənləri müzakirə edirlər. Masyanya Putinin yanına gəlir və ona intihar üçün yapon qılıncı hədiyyə edir.
Rusiyada yaşanan iqtisadi çətinlik və bu cür qadağalar ölkədə hansı səviyyədə etiraz dalğası yarada bilər? Rus xalqının olanlara göz yummasının, bu qədər səbrlə davranmasının səbəbi nədir?
Siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələ ilə bağlı açıqlaması zamanı bildirib ki, ümumiyyətlə rus xalqı imperiya düşüncəsinə malik xalqdır və onlar hələ də SSRİ eyforiyası ilə yaşayırlar. Onun sözlərinə görə, Putinin də 20 il ərzində formalaşdırdığı ideologiya buna xidmət edir.
“Onlar Ukraynada işğalı da konkret olaraq, “Rusiyanın qurtuluşu” kimi başa düşürlər və çox təəssüf ki, Rusiya cəmiyyəti bunu qəbul edir. Putin öz daxili auditoriyasına arxayın olduğu üçün savaşı bu həddə gətirib və müharibə hələ də itkilərə, iqtisadi sanksiyalara baxmayaraq davam edir. Görünür bu məsələdə hakimiyyətlə rus xalqının fikirləri eynidir. Əgər Putin daxili prosesdən narahat olsaydı, təbii ki, müharibəni dayandırardı və biz də kütləvi etirazların şahidi ola bilərdik. Çünki bu ədalətsiz müharibədir və hər bir Rusiya vətəndaşının sosial vəziyyətinə təsir edir. Amma göründüyü kimi onlar bununla razılaşırlar və imperiya düşüncəsindədirlər. Aparılan təbliğatlar isə buna uyğundur”.
Siyasi şərhçinin sözlərinə görə, qarşıda Rusiyanı bundan da çətin günlər gözləyir.
“Hesab edirəm ki, aparılan təbliğatlar nəticəsində onlar bunu Qərblə Rusiya arasında bir savaş kimi xarakterizə edirlər və hesab edirlər ki, bu müharibə olmasaydı Qərb Rusiyanı bombalaya bilərdi. Çox təssüf ki, müasir rus gəncliyi də bu eyforiyaya qapılıb. Bu isə çox təhlükəli tendensiyadır”.
Leyla
Medianews.az