Futbol üzrə Türkiyə Super Liqasının XXX turunda keçirilmiş “Yeni Malatyaspor” – “Kasımpaşa” matçında qeyri-adi hadisə yaşanıb.
Görüşün sonlarına yaxın meydan sahibinin azarkeşləri öz futbolçuları Sadık Çiftpınarı fitə basıblar. Bu, Çiftpınarın qolla nəticələnən səhvə yol verməsindən sonra baş verib.
29 yaşlı müdafiəçi bəzi fanatların təhqirinə məruz qaldıqdan sonra baş məşqçi Cihat Arslandan əvəzlənməyini istəyib. Hər iki komandanın futbolçuları məsələyə müdaxilə etsələr də, Çiftpınarı oyunda qalmağa razı sala bilməyiblər.
79-cu dəqiqədə meydana onun yerinə Filip Avuku daxil olub.
Qeyd edək ki, qarşılaşma “Kasımpaşa”nın 2:0 hesablı qələbəsi ilə bitib.