Rusiyanın Bosniya və Herseqovinadakı (BvH) səfiri İqor Kalabuxov Balkan ölkəsini NATO-ya qoşulacağı təqdirdə Ukrayna nümunəsi ilə hədələyib.
Bu barədə diplomat yerli “Federalna” telekanalına müsahibəsində danışıb.
“Əgər o, nəyinsə üzvü olmaq istəyirsə, bu onun daxili işidir. Lakin başqa məsələ bizim buna reaksiyamızdır. Ukrayna nümunəsində gözləntilərimizi göstərmişik. Təhdid olarsa, reaksiya göstərəcəyik”, – o bildirib.
Səfir “hansısa fantaziya, hansısa reallıqda BvH-nin NATO-ya üzv olacağını” düşünmədiyini vurğulayıb:
“Çünki ölkədə konsensus mövcud deyil. BvH belə şəraitdə qərar vermək asan olmayacaq”.
Onun sözlərinə görə, Rusiyanın BvH ilə əlaqədar hər hansısa planı yoxdur və rəsmi Moskva “strateji və geosiyasi vəziyyəti təhlil edərək” reaksiya verəcək.
Qeyd edək ki, konfederativ dövlət ayrı-ayrı fəaliyyət göstərən Bosniya və Herseqovina Federasiyası, Serb Respublikası və Brçko dairəsindən ibarətdir. Rəsmi Moskvanın istər rəsmi, istərsə də qeyri-rəsmi platformalarda oradakı serb millətçi dairələri dəstəkləməsi, Bosniya və Herseqovinanın Aİ və NATO-ya inteqrasiyasına mane olması sirr deyil.
Siyasi şərhçi Turan Rzayev məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, görünür, Rusiyanın mövqeyi təkcə Ukrayna müharibəsinə deyil və digər regionlarda ciddi mesajlar verilir.
“Bosniya səfirinin belə bir açıqlaması təsadüfi deyil. Lakin növbəti hədəf kimi Bosniyanın göstərilməsi doğru olmazdı. Çünki Bosniya ilk olaraq slavyan əsilli deyil, buranın xalqı Balkanların yerli aborigen xalqlarından hesab edilir. Amma bununla belə ölkədə kifayət qədər xorvat və serb nüfuzu var. Mümkündür ki, Rusiya tərəfi məhz bunun üzərindən xəbərdalıq edir. Düşünmürəm ki, bu birbaşa müdəxilə olacaq. Çünki Rusiyanın Bosniyaya gəlmək kimi bir variantı yoxdur. Amma hər halda bu təzyiq serblər və xorvatlar üzərindən olacaq.
Hazırkı müharibədə Xorvatiya və Serbiya Ukraynanı dəstəkləmir, amma Rusiyanı dəstəkləyir də demək olmaz. Xorvatiyanın prezidenti müharibə öncəsi bildirmişdi ki, əgər müharibə olarsa və NATO prosesə müdaxilə edərsə, Xorvatiya ordusu bu müharibədə iştirak etməyəcək.
Serbiya tərəfi də bənzər formada Rusiya əleyinə olan bloklara qoşulmur. Düzdür, bir dəfə səsvermədə iştirak etdi, amma məsələ ondadır ki, onlar özləri də etiaf edirlər ki, bu səsvermədə məcbur olub iştirak ediblər.
Nəticə etibarı ilə Rusiyanın növbəti hədəfinin Bosniya olduğunu düşünmürəm. Növbəti hədəf olaraq, Moldovanı düşünürəm”.
Leyla
Medianews.az