Martın 17-də Rusiya ordusunun Çerniqov şəhərinin mərkəzində dinc sakinləri atəşə tutması nəticəsində çox sayda mülki şəxslər, o cümlədən ABŞ vətəndaşı həlak olub.
Bu barədə Çerniqov Polisi məlumat yayıb.
“İşğalçılar növbəti dəfə şəhərdə silahsız mülki əhalinin üzərinə ağır artilleriyadan hücum ediblər. Ölənlər və yaralananlar var. Ölənlər arasında ABŞ vətəndaşı da var. Polis yaralı vətəndaşların tibb müəssisələrinə təxliyəsinə kömək edir. Çerniqov müstəntiqləri hadisə yerində işləyir, rusların hərbi cinayətlərinin bütün hallarını və nəticələrini müəyyənləşdirirlər”? – məlumatda deyilir.
Xatırladaq ki, Çerniqov Vilayət Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çaus şəhərdəki mövcud vəziyyət barədə məlumat verib. O bildirib ki, ruslar rayon mərkəzinə sistemli artilleriya və hava hücumlarını davam etdirir, mülki infrastrukturu məhv edir. Martın 16-da Rusiya işğalçı qüvvələrinin Çerniqovu atəşə tutması nəticəsində azı 53 nəfər həlak olub. Xüsusilə ən az 10 nəfər çörək növbəsində həyatını itirib.