Ukrayna və Rusiya arasında baş verən müharibə səbəbi ilə bu ölkələrdə yaşayan azərbaycanlıların vətənə qayıdışı sürətli şəkildə həyata keçirilir.
Bəs, görəsən bu axının əmlak bazarına təsiri necədir? Ukrayna və Rusiyadan Azərbaycana üz tutanlar arasında əmlak bazarına maraq varmı?
Mövzu ilə bağlı Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Medianews.az saytına açıqlaması zamanı bildirib ki, müharibə dövrü olduğuna görə gələnlərin böyük hissəsi orada müvəqqəti yaşayanlar, tələbələr və ya ictimai işlərdə çalışan insanlardır ki, onlar da müharibənin bitməsini gözləyirlər.
“Rusiyada yaşayan 2 milyondan artıq soydaşımız var ki, onların da əksəriyyəti əmək qabiliyyəti olan, biznes sahəsində fəaliyyət göstərənlərdir. Onlar istəməzlər ki, biznesləri çöksün. Bu məskunlaşmalar müvəqqəti xarakter daşıyır. Gələnlərin burada əmlak alacaqlarını düşünmürəm”.
Ekspertin sözlərinə görə, Rusiyadan gələn soydaşlarımıza baxsaq görərik ki, müharibə başlayandan 3-4 gün sonra artıq onlar Azərbaycandakı əmlaklarını mərhələli şəkildə satışa çıxardılar.
“Çünki Rusiyada tətbiq edilən sanksiyalar və iqtisadi böhran bizim orada yaşayan soydaşlarımızın biznesinin çökməsinə gətirib çıxardır. Həmin vətəndaşlar isə əllərində nəğd pul olmadıqda Azərbaycandakı əmlaklarını satıb, pulu dollara çevirib, Rusiyaya aparırlar ki, bizneslərini qorusunlar, axsamağa qoymasınlar. Digər tərəfdən isə Rusiyada dolların qiyməti kəskin artsa da böyük şəhərlərdə daşınmaz əmlakların qiymətləri rublla qiymətləndirilir. Bu isə insanlar üçün əlavə gəlir mənbəyi ola bilər ki, bu gün buradakı əmlakını satıb, həmin pulla Rusiyada daha böyük kvadratda, yaxşı şəhərlərdə və ucuz qiymətə əmlaklar alsınlar. Həmin şəxslərin burada əmlak almaları hazırda elə də gözlənilən hal deyil. Ola bilər ki, müvəqqəti xaratkerli, kirayə mənzillər götürsünlər.
Ukraynadan gələn soydaşlarımızın burada məskunlaşmaq istəməsi, daşınmaz əmlak alması isə imkana bağlı məsələdir.
Ümumi statistika baxsaq görərik ki, daha çox Rusiyadan gəlib, Azərbaycanda əmlak alan şəxslərin sayı daha çoxdur. Çünki Rusiyada pul qazanmaq daha əlçatandır nəinki Ukraynada.
İstənilən halda iki ölkə arasındakı müharibənin tez bitməsini arzulayaq. Çünki bu, həmin ölkələrlə bərabər digər dövlətlərə və Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərini göstərir”.
Leyla
Medianews.az