Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılıb. O, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Bir neçə gündür ki, sosial şəbəkələrdə “Bəs, görəsən YUĞ Teatrının taleyi necə olacaq?”- kimi suallar səngimir. Mövzu ilə bağlı Xalq artisti Vidadi Həsənov öz facebook səhifəsində münasibət bildirib:
“Əziz YUĞ sevərlər, sevib də əndişələnənlər, dünənki çərşənbəniz mübarək!.. Ey YUĞun taleyini öz taleyindən “əfzəl” bilib narahat olanlar, bu günkü çərşənbə axşamınız xeyir!.. Nəhayət, illərlə qapısını açmadıqları YUĞ-u, bizdən çox sevən bir-iki dənə-nəfər “yuğpərəst”, sabahkı cümə axşamınıza da bir faatihəə!.. Çox danışıb başınızı ağrıtmayacam. Əl-qərəz!.. O vaxt, ustadımız Vaqif İbrahimoğlu dünyadan köçəndə, “YUĞ öldü”-deyə əndişələnənlərin çoxu çoxdan ölüb, amma, YUĞ yaşayır. Zaman keçdikcə, zaman-zaman keçməkeşlərdən keçən YUĞ “yox olacaq” deyənlər də, çoxdan ya yox olub, ya da elə yox kimidirlər, amma, YUĞ yenə yaşayır. Nəhayət, ey YUĞu bizdən çox sevən və onun gələcəyi barədə münəccimlik edən bir-iki dənə-nəfər burnunun ucundan uzağı görməyən “öncəgörənlər”, narahat olmayın, iştahadan kəsilməyin, yuxunuz ərşə çəkilməsin, YUĞ yenə də yaşayacaq… Əziz bir-iki dənə-nəfər “yuğpərəst”, məhşur bir cümlə ilə fikrimi tamamlayım: biz YUĞ üçün nəyin, necə və nə vaxt olacağını yaxşı bilirik. Qətiyyən əndişələnməyin, axı bir gün sizə deyə bilərlər, durun… gedin… öz işinizlə məşğul olun… Yəni durun!..gedin!!!”.
Medianews.az