Sehirli nağıllar diyarı, kuklaların dil açıb danışdığı, hərəkətə gəldiyi məkanın, yəni Kukla teatrının səhnə arxası hər zaman bizlərə maraqlı gəlib. Bu gün sizləri kukların hazırlanmasında, onların canlanmasında əməyi olan rəssam Rəna Ababsova ilə tanış edirik. Rəna xanım, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rəssamıdır. O, eskizlər əsasında hazırlanan kuklalarla işləyir.
Sözügedən müsahibəni təqdim edirik:
– Salam, Rəna xanım. Əvvəla özünüz haqqında bizə məlumat verərdiniz.
– Özümü dərk edəndən yönüm rəssamlıq üzrə olub. 2017-ci ildən Kukla teatrında çalışıram. Teatrda rəssam kimi fəaliyyət göstərirəm. Quruluşçu rəssamların eskizlərini materialda əks etdirirəm. Eskizdə kukladırsa, onun üzünü, gözünü və s. işləyirəm.
Quruluşçu rəssam olmasam da özümün fərdi düzəltdiyim kuklalar var. Bu kuklaları mən özüm üçün düzəldirəm və kolleksiya yığıram.
– Kuklalarla işləmək necə bir duyğudur?
– Kuklalarla işləmək tamam başqa duyğudur. Bu kuklalar uşaq vaxtı oynatdığımız oyuncaqlara bəznəmir. Çünki bunlarda hər bir insanın xarakteri, xüsusiyyəti əks etdirilir. Bu kuklalar elə rənglənməli, bəzədilməlidir ki, həm uşaqlar üçün maraqlı olsun, həm də insana məxsus xüsusiyyətləri özündə əks etdirsin. Baxırsan ki, adi kukladır, amma onda hansısa bir xarakter var.
– Kukla teatrını digər teatrlardan fərlqəndirən cəhətlər nələrdir?
– Bizim kukla teatrını digər teatrlardan fərqləndirən əsas xüsusiyyət odur ki, onlarda aktyorlar səhnədə özləri çıxış edirlər. Biz isə burada sıfırdan kukla düzəldirik, ona yeni bir can veririk. Rəssamla, rejissorun müzakirələri əsasında yeni bir kukla əmələ gəlir.
– Onları canlı kimi görüb, söhbətləşdiyiniz olubmu? İşlədiyiniz kuklalarla aranızda hansısa formada ünsiyyət olurmu?
– Kuklalar sanki yeni dünyaya gəlmiş uşaqlar kimidir. Uşağı necə əzizləyir, şirin söhbət edirlərsə, mən də kuklalarımla eyni formada ünsiyyətdə oluram. Kuklanı hazırladıqca onu əzizləyirəm, nazlayıram. Bu söhbətlər tək tərəfli olsa da mən bu ünsiyyəti çox sevirəm.
– Necə düşünürsünüz, insanlarla işləmək daha çətindir, yoxsa kuklalarla?
– Bu biraz çətin sual oldu. İnsanlarla işləmək daha çətindir məncə. Çünki yolunu, texnikasını bilirsənsə, kuklalarla işləmək çətin deyil. Hər dəfə işlədikcə yeni texnika tapırsan. Məsələn, fərdi yaradıcılığımdan nümunə gətirə bilərəm ki, hər yeni kukla hazırladıqda ondan əvvəlkilərə baxıram və nəyi etsəm daha yaxşı, tez hazır olardı bunu görürəm.
Kukla teatrında elə kuklalar var ki, eyni anda həm ağzı işləyir, həm də gözləri açılıb, yumulur. Bu, kənardan baxan insanlara çətin gələ bilər, amma əslində hamısının texnikası var. İnsan bu sahədə işlədikcə daha da marağı artır.
– Sizin teatr daha çox uşaqlarla işləyir. Bu sizi yorurmu?
– Uşaqlarla işləmək qətiyyən bizi yormur. Hətta bizdə teatra gələn uşaqlarla nəzarətçilər söhbətlərşirlər, hansı tamaşanı, nağılı bəyəndiklərini soruşurlar.
– İşləriniz səhnəyə çıxan zaman onlara baxıb, hansı hisləri keçirirsiniz?
– Biri var əl işinə yaxından baxmaq, bir də var uzaqdan, səhnədən baxmaq. Bu zaman insan səhvini və düzünü daha yaxşı görə bilir. Daxili baxış zamanı öz əl işlərimə baxıram və əgər səhvim varsa, görürəm, çalışıram ki, gələn dəfə bu səhvə yol verməyim.
– Biz teatrın ön hissəsini görürük. Siz bizə biraz da səhnə arxasından danışardınız. Teatr kollektivi, münasibətlər necədir?
– Kollektivimiz çox möhtəşəmdir. Teatr olduğuna görə burada əhval-ruhiyyə tamamilə başqadır. Bəlkə də mən başqa sahədə çalışsaydım bilmirəm necə olardı, amma teatrda insan mənəvi baxımdan qətiyyən yorulmur.
Bizdə “Butafor sexi” var. Bütün kuklalar orada hazırlanır. Oradakı kollektiv, baş rəssamdan tutmuş hər kəs o qədər mehribandır ki, insan işdə yorulmur, əksinə əylənir. Direktorumuz Rəşad Əhmədzadə teatrda elə şərait yaradıb ki, biz orada sıxılmırıq. Yaradıcı insanlar sərbəst olduqda işini daha yaxşı görə bilir.
Leyla
Medianews.az