Rusiya ilə Ukrayna arasında razılaşma 1-2 həftə ərzində, uzağı maya qədər imzalana bilər.
Bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviç “Feygin Live” YouTube kanalına müsahibəsində deyib.
“Belə deyə bilərəm, mayın əvvəllərindən gec olmayaraq, bəlkə də daha tez tarixdə biz sülh razılaşmasına gələ bilməliyik. Baxaq, mən ən uzaq tarixi götürürəm. Ya yaxın 1-2 həftə ərzində razılaşırıq, ya da daha bir danışıqlar raundundan sonra mayın sonuna qədər razılaşma əldə edirik”, – o bildirib.
Siyasi şərhçi Tural İsmayılov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesinin belə tez yekunlaşması ilə bağlı fərziyyələr reallığı əks etdirmir. Çünki Rusiyanın Ukraynadan tələb etdiyi çox ciddi məsələlər var.
“Düşünürəm ki, Ukrayna da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya tərəfindən irəli sürülən bu tələbləri qəbul etmələri çox çətindir. Eyni zamanda Rusiya Ukraynanı Kırımı Rusiyanın ərazisi kimi tanımağa çağırır. Düşünürəm ki, Ukrayna üçün Kırımı Rusiya ərazisi kimi tanımamaq və eyni zamanda qondarma Donetsk və Luqansk Xalq Respublikalarının “müstəqil”liyini qəbul etməmək qırmızı xətlərdən biridir.
Eyni zamanda Rusiya Ukraynadan müdafiə xərclərini azaltmağı və ordu sayında da müəyyən ixtisarlara getməyi tələb edir ki, Ukrayna Rusiyanın bu tələbi ilə razılaşarsa, bu Ukraynanın birbaşa müstəqilliyinin itirilməsi anlamına gələ bilər”.
Siyasi şərhçi bildirir ki, Ukrayna ilə Rusiya arasındakı razılaşmanın 1-2 həftə ərzində baş verəcəyini düşünmək real və rasional düşüncə deyil.
“Bu danışıqların davam etməsi mütləqdir. Rusiya ilə Ukrayna arasında həm işçi qurup səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində görüşlərin bir müddət də davam edəcəyini düşünürəm. Lakin nəhayətdə yenə də qərarı ölkə prezidentləri Putin və Zelenski imzalayacaq. Ona görə də hansısa bir razılaşmanın imzalanmağı üçün prezidentlərin birbaşa görüşməsi olmasa da, telefon və ya digər vasitələrlə danışıqlar aparması labüddür”.
Tural İsmayılovun sözlərinə görə, bütün bunlar baş verməyəci təqdirdə Rusiya və Ukarayna arasındakı qarşıdurmanın nəinki yaya qədər, hətta yayın ən isti aylarına qədər davam etmə ehtimalları var.
“Bu da nəticədə bizim bütün coğrafiyamız üçün mənfi tendensiyaların ortaya çıxmasına səbəb ola bilər”.