Dünyada tanınmış bir neçə beynəlxalq universitet assosiasiyaları Rusiyanın Ukraynaya təcavüz etməsini səbəb gətirərək, Rusiya universitetlərinin bu təşkilatlarda akreditasiyasını və üzvlüyünü dayandırmaq haqqında rəsmi açıqlama veriblər. Bu açıqlamalardan sonra Rusiya diplomlarının xaricdə tanınmayacağı haqqında məlumatlar verilib.
Nəzərə alaq ki, ölkəmizdən xeyli sayda gənclər Rusiya universitetlərində təhsil alırlar. Həmçinin Azərbaycanda da Rusiyanın bir neçə ali məktəbinin filialları fəaliyyət göstərir.
Belə olan halda Rusiya universitetlərdə təhsil tələbələrin vəziyyəti necə olacaq? Bu universitetlərdə təhsil alan azərbaycanlılar üçün risklər varmı?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, Rusiya universitetlərinə qarşı bu addımların atılması həmin qurumların hansısa beynəlxalq güclərin, dövlətlərin əlində alət olmasını göstərir.
“Çox maraqlıdır ki, Rusiya universitetləri ilə bağlı belə qərar qəbul etmək fikrinə düşənlər bu qərarları 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxlayan, Azərbaycanın maddi mədəniyyət abidələrini məhv edən, dağıdan Ermənistan qarşı etmirdilər. Bu, dünyadakı ikili standartların nümunələrindən biridir. Onlar həqiqətən də ədalətin yanındadırlarsa, bəs niyə Azərbaycanın yanında olmadılar?
Təsəvvür edin ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın mülki əhalisi atəşə tutulur, məktəbləri dağıdılırdı, amma hansısa bir humanitar təşkilat Ermənistanın bu vəhşiliyə qiymət vermirdi. Onlara sanksiya tətbiq etmirdi.
Mən təbii ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünü alqışlamıram. Fikirləşirəm ki, bütövlükdə müharibə zərərlidir. Amma beynəlxalq təşkilatların belə məqamlarda haqqın, ədalətin yanında olmaq kimi görünmələri başa düşülən deyil. Bu cür münasibət isə heç də yaxşı hal deyil”.
Ekspertin sözlərinə görə, Azərbaycandan xeyli sayda gənc Rusiya universitetlərində təhsil alır və elə bir qərarın olması bizim Rusiyada təhsil alan gənclərimiz üçün problemlər yaradacaq.
“Rusiyanın iki böyük və tanınmış universitetinin Azərbaycanda flialları fəaliyyət göstərir.Bu universitetlərə qarşı sanksiyalar olacaqsa, təbii ki, orada təhsil alan tələbələr əziyyət çəkəcək. Gənclərimizin naminə belə qərarların verilməsinə qarşıyam”.
Leyla
Medianews.az