Rusiyanın dövlət kanalı “Birinci kanal”da inanılmaz olay yaşanıb.
Musavat.com xəbər verir ki, “Xəbərlər proqramı”nın axşam buraxılışı zamanı qəfildən bir xanım əlində plakatla canlı yayına müdaxilə edib. Plakatda “Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizə yalan danışırlar” cümlələri yazılıb. Sonradan məlum olub ki, bu qadın kanalın redaktoru Mariya Ofsyannikovadır.
Özünün verdiyi açıqlamada bildirilir ki, onun atası ukraynalı, anası isə rusdur: “Ukraynada baş verənlər cinayətdir. Rusiya aqressor ölkədir. Bu aqressiyaya görə məsuliyyət yalnız bir nəfərin üzərindədir-Vladimir Putin. Atam ukraynalı, anam rusdur. Onlar heç vaxt düşmən olmayıblar. Boynumdakı boyunbağı da Rusiyanın qardaş qırğınını dayandırmalı olduğunun simvoludur. Qardaş xalqlar barışa bilərlər. Təəssüf ki, son illər “Birinci kanal”da Kremlin təbliğatı ilə məşğul olmuşam. Buna görə çox utanıram. Televiziya ekranında yalan danışdığıma görə utanıram. Bütün bu hadisələr 2014-cü ildə başlayanda susduq. Kreml Navalnını zəhərləyəndə mitinq etmədik. Bu, qeyri-insani rejimi sadəcə müşahidə edirdik. Bizdən bütün dünya üz döndərib. Bundan sonra 10 nəsil də bu qardaş qırğınının xəcalətini çəkməli olacaq”.
Rusiya KİV-lərinin yaydıqları məlumata görə Mariyanı saxlayaraq, həbs ediblər və hazırda barəsində araşdırma gedir.