Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun verdiyi məlumata görə, Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib.
O bildirib ki, hazırda həmin vaksinlər ölkədədir.
Qeyd edək ki, Azərbaycanda “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır.
Yoluxma saylarının kəskin azalmasına və tibbi ekspertlərin açıqlamalarına baxsaq, görünən odur ki, pandemiyanın bitmə mərhələsindəyik. Bəzi vətəndaşlar isə koronavirusun bir dəfəlik həyatımızdan çıxacağını düşündükləri üçün peyvənd olunmağa bir o qədər də meyilli deyillər.
İndiki mərhələdə “TURKOVAC”a marağın olacağı gözlənilirmi? Pandemiyanın bitməsinə az qalıbsa, yenidən peyvənd olunmağa nə dərəcədə ehtiyac var?
İnfeksionist Mərdan Əliyev Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, peyvənd indiki halda da lazımlıdır.
“Çünki risk qrupuna daxil olan şəxslər var ki, immunitetləri zəifdir. Məsələn, onkoloji, qaraciyər sirrozu, idarə edilməyən şəkəri olan və yaşı 65-dən yuxarı olan şəxslərə mütləq peyvənd lazımdır.
Pandemiyanın bitməsi, virusun heç vaxt olmayacağı anlamına gəlmir. Pandemiyaya nisbətən az olsa da, sonrakı dövrlərdə hər an virusla təmasda olmaq ehtimalımız var. Virus həmişə bizimlə olacaq”, – deyə infeksionist bildirib.
Mərdan Əliyevin sözlərinə görə, payız aylarında yoluxma saylarında yenidən artımlar müşahidə ediləcək: “Bu pandemiya, epidemiya səviyyəsində olmayacaq. Amma mövsümi infeksiyalar olan qrip, rotavirus və s. kəskin respirator infeksiyalar kimi korovavirus da davam edəcək. Qrip dediyimiz infeksiyanın içərisində koronavirus da olacaq”.
Leyla
Medianews.az