“Azərbaycan Avropanı yaxın 100 il ərzində fasiləsiz qaz tədarükü ilə təmin edə bilər”.
Bunu respublikanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Bizim 2, 6 trilyon kub metr təsdiq edilmiş qaz ehtiyatlarımız var. Biz həm özümüzü, həm tərəfdaşlarımızı, həm də Avropanı 100 il ərzində təbii qazla təmiz edə bilərik”, – “Moskoskiy Komsomolets” qəzeti Türkiyənin “Milliyət” nəşrinə istinadən nazirin sözlərindən iqtibas gətirir.
Şahbazov vurğulayıb ki, Bakı Avropa istifadəçilərinə “istifadə edilməmiş potensial”ın hesabına qaz tədarükü həcmini genişləndirməyi planlaşdırır. Burada Türkiyə ilə birlikdə cənub qaz dəhlizi nəzərdə tutulur. Nazir qeyd edib ki, Bakı bu məsələni vropa İttifaqı və qardaş Türkiyə ilə müzakirə edir.
Azərbaycan 2020-ci ilin sonunda Transadriatik boru kəməri vasitəsilə Avropaya qaz tədarükünə başlayıb. Azərbaycan qazının illik ixracı 10 milyard kub metrdir. İtaliyanın payına 8 milyard, Yunanıstan və Bolqarıstan payına isə hər biri 1 milyard kub metr təşkil edir.
Məlum olduğu kimi, Avropa İttifaqı 2022-ci ilin sonunadək Rusiya qazının tədarükünü 2/3 hissəsi qədər azaltmaq niyyətindədir.