1967-ci ildə Boliviyada Ernesto Çe Geveranı öldürən Boliviya əsgəri Mario Teran Salasar 80 yaşında vəfat edib.
Medianews.az xəbər verir ki, sağalmaz xəstəliyə tutulduğu deyilən Salasar haqqında onun döyüş yoldaşı danışıb.
Boliviyadakı yerli mətbuatın məlumatına görə, Çe Gevaranı ələ keçirən hərbi əməliyyata rəhbərlik edən, istefada olan general Qari Prado Salmon Salasarın sağalmaz xəstəlikdən əziyyət çəkdiyini və bir müddət sonra ölkənin Santa Kruz şəhərində müalicə aldığı xəstəxanada öldüyünü təsdiqləyib.
Ölümündən sonra Salasar haqqında danışan döyüş yoldaşı Salmon bunları deyib:“O, cəsur insan idi. Onunla əlaqə saxlayırdım. Onu ən çox narahat edən mətbuatın təqibləri idi, o, sadəcə olaraq ona verilən əmri yerinə yetirmişdi. Ona görə adının gizli qalmasını istəyirdi”.
1928-ci il Argentinanın Rosario şəhərində anadan olan Çe Gevara Kuba inqilabının liderlərindən biri, Fidel Kastronun yaxın silahdaşı olub.
Çe Gevara 1967-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini əməkdaşları ilə Boliviya hərbçilərinin birgə əməliyyatı zamanı tutularaq güllələnib. O, Boliviyada bir qrup partizanla ölkədə inqilab hərəkatı təşkil etmək istəyib.
Onun basdırıldığı yer uzun illər gizli saxlanılıb. Antropoloqlar 1997-ci ildə Boliviyanın Valeqran yaşayış məntəqəsində onun və döyüş yoldaşlarının meyitlərinin qalıqlarını aşkar ediblər. Çe Gevaranın meyitinin qalıqları Boliviyadan Kubaya aparılaraq Santa-Klarada dəfn edilib.
Turan Oruc
Medianews.az