“Qazaxıstanın keçmiş dövlət lideri Nursultan Nazarbayevin Antalya forumuna dəvət olunması Türkiyənin bu ilin əvvəllərində baş vermiş hadisələrə yönəlik mövqeyinin ifadəsidir”.
Bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib:
“Belə ki, yanvarın ilk günlərində Qazaxıstanda kütləvi etiraz dalğası baş qaldırmışdı və sonradan iğtişaşlara çevrilmişdi. Bu hadisələrin nəticəsində Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “şnelinə” bürünərək, Qazaxıstana qoşun yeritmişdi. Düzdür, cəmisi bir həftə ərazində Rusiya KTMT-nı da götürüb, Qazaxıstandan çıxmalı oldu. Ancaq Qazaxıstanda baş verən hadisələrin əsas nəticəsi ondan ibarətdir ki, Nursultan Nazarbayev və onun yaxın ətrafı hakimiyyətdən tamamilə uzaqlaşdırılmış oldu. Eyni zamanda, o da məlum oldu ki, Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması Qazaxıstan prezidenti Qasım-Comart Tokayevlə yanaşı, Rysiyanın da maraqlarına cavab verirdi. Prezident Qasım-Comart Tokayev bu hadisələrin sayəsində Qazaxıstanda hakimiyyəti tamamilə öz əlində cəmləşdirə bildi.
Rusiyaya gəldikdəsə, Kreml Nursultan Nazarbayev problemindən xilas oldu. Belə ki, Nursultan Nazarbayev Qazaxıstanı tədricən Rusiyadan uzaqlaşdırıb, Türkiyəyə və Qərbə doğru aparmağa çalışırdı. Onun yürütdüyü milli siyasət sayəsində Qazaxıstanda rusdilli əhalinin ölkədaxili siyasi proseslərə təsiri zəiflədilmişdi, rus dili ikinci plana keçirilmişdi, ölkənin enerji resurslarının Rusiyadan yan keçməklə dünya bazarlarına çıxarılmasına yönəlik addımlar atılırdı. Ən əsasısa, Qazaxıstan Türk Dövlətləri Birliyində fəallaşaraq, Türkiyə və Azərbaycanla yanaşı, aparıcı dövlətlərdən birinə çevrilməkdəydi.
Ona görə də, Kreml Qazaxıstanın Rusiyanın təsir dairəsindən çıxamsının qarşısını almaq üçün məhz xüsusi plan əsasında bu ölkədə yanvarın əvvəllərində kütləvi iğtişaşlar törətdi. Nəticədə təcrübəli dövlət xadimi olan Nursultan Nazarbayev və onun yaxın ətrafı hakimiyyətdən uzaqlaşdırıldı. Və bu, ilk baxışdan, Rusiyanın öz hədəfinə çatması kimi də dəyərləndirilə bilər”.
Siyasi şərhçinin sözlərinə görə, rəsmi Ankara Kremlin bu geopolitik oyunlarının nəticələri ilə barışmış deyil: “Əksinə, Nursultan Nazarbayevi rəsmi şəkildə Antalya forumuna hələ hər şeyin bitmədiyinin açıq mesajını verir. Bu mesaj həm hakimiyyəti təkbaşına ələ keçirtmiş Qazaxıstan prezidenti Qasım-Comart Tokayevə, həm də Nursultan Nazarbayevi kütləvi iğtişaşlar törətməklə siyasi səhnədən kənarlaşdırmış Rusiyaya ünvanlanıb.
Rəsmi Ankara Nursultan Nazarbayevin Türk Dünyası qarşısındakı xidmətlərini yüksək dəyərləndirdiyini və onu hələ də dəstəklədiyini biruzə verir. Türkiyənin bu mesajı Qazaxıstan əhalisinin gələcək mövqeyinə də birbaşa təsir göstərə bilər. Bu baxımdan, Türkiyə Nursultan Nazarbayevi siyasi hesabdan tamamilə kənarlaşdırmağın hələ çox tez olduğunu birmənalı şəkildə hər kəsə anlatmış oldu”.
Leyla
Medianews.az