Nazirlər Kabineti avtobuslarla bağlı qərara dəyişiklik edib.
Belə ki, Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərarda deyilir, “2025-ci ilə qədər avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir”.
Qərara görə, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərin müvafiq bəndində “2022-ci” sözləri “2025-ci” sözləri ilə əvəz edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, Bakı şəhərində nəqliyyat vasitələrinin demək olar ki, 98 faizi daşıma xərclərinə görə, dizeldən istifadə edir.
“Bu qərar indiyə qədər qəbul olunmuşdu. Sadəcə onun bitmə müddəti 2022-ci ili əhatə edirdi və bir növ dövlət vaxt verdi.
Bakı şəhərində nəqliyyat vasitələrinin demək olar ki, 98 faizi daşıma xərclərinə görə, dizeldən istifadə edirlər və benzinlə idarə olunan avtobuslar demək olar ki, yoxdur. Dizel yanacağı ilə bərabər karbon qazı tullantılarının havanı çirkləndirməsi ciddi rezonanslara səbəb olurdu. Çünki ölkə ərazisində xüsusilə də paytaxt Bakıda gündəlik müşahidə olunan tıxaclar kifayət qədər karbon qazını havaya atır.
Bu proseslər avtobuslarla bərabər taksilərə də şamil olunacaq. Həmin taksilərdə əlavə avadanlıqların quraşdırılması, daha müasir avadanlıqların ölkəyə gətirilməsi, xüsusən yanacaq qazlarının təhlükəlilik dərəcələrinin aşağı olmasına hesablanmışdır”.
Ekspertin sözlərinə görə, avtobuslarla bağlı yeni qaydaların tətbiqinə ehtiyac var.
“Məsələn, yeni avtobus zolaqlarının çəkilməsinə, avtobus sürücüləri ilə bağlı xüsusi treninqlərin tez-tez keçirilməsinə ehtiyac var. Çünki son zamanlar gündəlik həyatımızda və sosial şəbəkələrdə bir çox avtobus sürücülərinin qaydalara riayət etmədiklərini görürük. Bunun məsuliyyəti isə sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərlərinin üzərinə düşür”.
Leyla