Rusiyanın Ukraynaya hücumundan sonra bir çox dünya dövlətləri Rusiyaya müxtəlif sahələrdə sanksiyalar tətbiq edirlər. Bu sanksiyalar yeyinti, yüngül sənaye, texnoloji sahələrə və s. aiddir.
Rusiya sanksiyalar qoyulan idxal mallarının yerli istehsalını təşkil edə biləcəkmi?
İqtisadçı Natiq Cəfərli Medianews.az saytına açıqlaması zamanı bildirib ki, SSRİ dağıldıqdan sonra Rusiyanın bir çox istehsal sahələri Qərb şirkətləri ilə çox ciddi şəkildə inteqrasiya olunmuşdu.
“Hətta bilirsiniz ki, Rusiyanın ən məşhur brendlərindən biri “Kamaz” markalı yük maşınlarıdır. İndi məlum olur ki, “Kamaz” markalı yük maşınlarının matorunun və ötürü qutunun əsas beyin hissəsi, yanacaq nasosları Almaniyadan, Amerikadan alınırmış. İndi onların idxalının dayandırılması, “Kamaz” markalı maşının belə istehsalını dayandırıb.
Digər nümunə kimi onu deyə bilərəm ki, Rusiyanın ən yaxşı göstəriciləri kosmik sahədə idi. İndi isə məlum olur ki, kosmik avadanlıqların istehsalında yarımkeçiricilər və mikrosxemlərin hamısı xaricdən alınırmış. İndiki vəziyyətdə xaricdən həmin mikrosxemlər alınmadıqca, buna qadağalar qoyulduqca, Rusiyanın kosmik sanayesi belə dayanmaq üzrədir”.
İqtisadçının sözlərinə görə, Rusiya bəzi yeyinti və asan başa gələn məhsulların istehsalını təşkil edə, yüngül sənayedə müəyyən işlər görə bilər. Amma ümumilikdə texnoloji, istehsal, maşınqayırma və s. sahələrdə kifayət qədər asılılıq var.
“Rusiya bunu əvəzləmək üçün hətta bu gün də işə başlasa, bunun üçün illər lazımdır. Ən azı 3-5 il zaman lazımdır ki, bu sahələrin hansısa bir analoqunu Rusiyada qurmaq mümkün olsun.
Kifayət qədər ciddi asılılıq var və bu sanksiyalar Rusiyanı demək olar ki, bütün sənaye sahələrinə ciddi mənfi təsiri olacaq”.
Leyla
Medianews.az