Sürücü təlimçisi xanımlara səsləndi: “Əziz xanımlar, zərafətinizi qoruyun”
“Avtomobil idarə etmək əyləc və qaz pedalının yerini bilmək deyil”
Hər zaman xanımların avtomobil idarə etməsi müzakirə, hətta mübahisə obyekti olub. Əksər insanlar qadınların maşın sürərkən daha diqqətli olduğunu söyləyir. Amma çoxları “maşın sürmək qadın işi deyil” kimi fikir bildirir. Bu fikir daha çox bəylərə məxsusdur desək, yəqin ki yanılmarıq.
Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, ekspert, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə Medianews.az-a müsahibəsində xanımlarımızın dağınıq avtomobil idarə etdiklərini bildirib.
– Cəmiyyətdə “Xanımlarımız avotomobil idarə edə bilmir” –deyə bir fikir formalaşıb. Bu fikirlə nə qədər razısınız?
– Əslində, qadınlar gözləyəcək ki, onları müdafiə edən fikir səsləndirəcəm. Təəssüf edirəm ki, bu, mümkün olmayacaq. Ancaq o fikirlə də razı deyiləm ki, xanımlarımız avtomobil idarə edə bilmir. Ümumiyyətlə, nəinki avtomobil idarə edilməsində, istənilən sahədə cinsi ayrı-seçkilik etmək yanlış fikirdir. Heç bir ixtisasın cinsi olmur. Doğrudur ki, xanımların reaksiyası saniyənin üçdəbiri qədər gecikir. Bir az üzərinə ehtiyatlılığı qorxaqlığı və ləngliyə çevirirlər. Bu barədə ətrafa qismən də olsa haqq verirəm. Əslində, qadınlar çox səliqəli, diqqətli və qanunlara riayət edən sürücülər olsa da, təəssüf ki, bir çox xanımlar öyrənməyə açıq deyil. Hər hansı bir fikir, iradı 10 dəfə bildirdikdə artıq kompleksə düşürlər. Sabah da onlar yollarda potensial təhlükə mənbəyi olurlar.
-Mediada bir qadın sürücü qəza etdiyi zaman “qadın sürücü qəza törətdi” başlığı ilə xəbərlər yayımlanır. Ancaq qəzanı edən sürücü, kişi olduğu zaman sürücünün kişi olduğu önə çıxarılmır və sadəcə qəza barədə məlumat verilir. Sizcə bu ayrı-seçkilik deyilmi?
-Biz də bu hallarla çox rastlaşırıq. Əslində, ən ağır qəzaları bəylər törədir. Sürət həddini aşır, ölümcül qəzaları da onlar daha çox edir. Qadınlar bir az qorxaq davrandıqları üçün xırda sürtünmələr, toqquşmalarla keçib gedirlər. Amma son zamanlarda müşahidə etdiklərimə görə deyə bilərəm ki, yollarda zərafətdən kənar xanımlarımızın sayı günü-gündən çoxalır.
-Zərafətdən kənar dedikdə nəyi nəzərdə tutursunuz?
-Ola bilsin ki, siz yeni avtomobil idarə etməyə başlamısınız, burada qəbahətli heç nə yoxdur. Amma nəyisə bilmirsənsə, təcrübəsiz sürücü yapışqanı nişanını avtomobilə vurmaq mümkündür. O nişanı yapışdırmış olduğunuz zaman sizi arxadan gələn avtomobil tələsdirməyəcək. Hətta sizə kömək edəcəklər. Sürücülük mədəniyyətindən kənar xanımları görəndə əsəsbləşirəm.
-O xanımlar hansılardır?
– Qanunları oxumayan xanımlar. Onlar avtomobil idarə etməyi ailə üzvlərindən öyrənirlər və öz təbirincə idarə edirlər. Özbaşına öyrənən və xuliqan kimi tədris edən təlimçilərdən dərs alanlar belə sürürlər. Buradan qadınlara səslənirəm ki, hər hansı konflikt yarananda, əziz xanımlar, zərafətinizi qoruyun. Bəzən qadınların ağzından elə söyüşlər eşidirik ki…
-Belə hallarla çox rastlaşmısınız?
– Əlbəttə, istər polislə, istərsə də hər hansı sürücü ilə konfliktə girən zaman çox bərbad, iyrənc şəkildə kəlimələr işlədirlər. Bu, xanımlara yaraşmır. Qadın zərafətini qorumalıdır.
-Kişi sürücülər çox vaxt qadın sürücüləri manevrlərindən, parklama vəziyyətindən tanıyırlar. Bu səbəbdən də hər bir kişinin şüurunda ənənəvi sual mövcuddur: “Xanımlar mükəmməl sürücüdürlərmi?”
-Mükəmməl insan yoxdur. Hamımız mükəmməlliyə doğru irəliləyirik. Hər gün nəyisə öyrənirik. Xanımlar diqqətli sürürlər, sürət həddini aşmırlar. Hətta sizə deyim ki, cəmiyyətimizdə göstəriş üçün avtomobil sürən xanımlar var. Onların çoxu özünü göstərməyə çalışır. Təlimə gəlib qanunları öyrənməyə üstünlük verən xanımlarımız da var, amma onların sayı çox deyil.
Biz istənilən sürücüyə qanunu öyrətməyə çətinlik çəkirik. Avtomobil sürməyi bacarırlarsa, avtomobili yerindən hərəkət etdirirlərsə, iş bitmiş hesab edilmir. Qanunları bilmək işin vacib tərəfidir. Arzu edirəm ki, vətəndaşlarımız qanuni sürməyə üstünlük versinlər.
-Bəzi xanımlar etiraz edirlər ki, “qaz və tormozun yerini bilim, mənə kifayətdir”. Bu nə qədər düzgündür?
-Avtomobil idarə etmək əyləc və qaz pedalının yerini bilmək deyil. Bu, texniki tanışlıqdır. Texikaya hakim olmaq deməkdir. İdarə etdiyin avtomobilə də, qanunlara da hakim olmalısan. Biri digərindən əksik olanda artıq o sürücü keyfiyyətsiz sürücü olur. Hamısı paralel olmalıdır.
-Bəzən yolda kimsə qəza təhlükəsi yaradırsa, o zaman ona təlim keçən, maşın sürməyi öyrədəni yada salırlar. Belə hallarla rastalaşmısınızmı? Sizi yada salan olubmu?
-Məni yada salan olub-olmayıb, bilmirəm. Bəlkə də olub. Deyəcəksiniz, siz ki, mütəxəssisiniz. Necə ola bilər sizi yada salan olmasın? Bir tələbə var idi, avtoxuliqan kimi sürməyi çox sevirdi. Mən onu əlimdən gəldiyi qədər, loru dillə desək, rəndələməyə çalışdım ki, sabah yollarda heç bir təhülkə yaratmasın. Avtomobildən enəndə dediyi söz bu oldu ki, hə nə olsun ki, siz hər an mənim yanımda ola bilməyəcəksiniz, gedib özüm istədiyim kimi avtomobili idarə edəcəm. O yollarda sürəndə nəinki məni yada salırlar, bəlkə də 7 arxa dönənimi də, ölümü, dirimi də söyürlər. Biz övladı 18 yaşına qədər böyüdürük, sonra düşdüyü mühit onu dəyişə bilir. Sürücülük də belə bir şeydir, nə qədər səliqəli sürməyi öyrədirsən-öyrət, onun təfəkkürü əvvəldən doğru deyilsə, sabah gedib təlimçisini, “prava verəni” də söydürür.
Xəyalə Rəis
Medianews.az