Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda martın 6-dan xüsusi karantin rejimi yumşaldılıb.
Qurumun son qərarında deyilir ki, martın 6-dan aşağıdakılara icazə verilir:
Dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna;
Dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsinə;
Bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;
İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə;
Masaj xidmətlərinin göstərilməsinə;
Sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə.
Bundan əlavə 6 martdan başlayaraq ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları tətbiq olunmur və iaşə obyektlərində masa arxasında 6 nəfərdən artıq adam toplaşa bilir.
Bu qərardan sonra digər sahələrdə olduğu kimi toy bazarında da canlanma müşahidə olunmağa başlayıb. Toyların az olmasından, vətəndaşların evlərdə keçirilən kompaniyalara üstünlük verdiyindən gileylənən şadlıq evləri sahibləri də qərardan sonra toyların çoxaldığını bildirirlər.
Bakıda yerləşən şadlıq evlərindən birinin rəhbəri ilə əlaqə saxladıq. İlkin Rüstəmov toy bazarı ilə bağlı Medianews.az saytına açıqlama verərək bildirdi ki, Nazirlər Kabinetinin son qərarından sonra toy etmək üçün yazılanların sayında xeyli artım müşahidə edilir.
“Toylar demək olar ki, yox idi. Həftələrlə şadlıq evinin qapısı bağlı qalırdı. Artıq restorandan kif iyi gəlirdi. İşçilərimiz də evdə oturmaqdan bezmişdi. Hətta çoxsaylı işçi kollektivimiz başqa sahələrdə çalışmağa üz tutdular.
Bu sahədə çalışan sahibkarlar neçə ildir ki, çətin vəziyyətdə idi. Hətta şadlıq evlərinin bir çoxu satışa çıxarılmışdı. Bilmirdik hansı yola əl ataq ki, ziyandan özümüzü çıxarda bilər. Düzü təlabat olmadığı üçün restoranı almaqla istəyənlər, maraqlananlar da az idi.
Şükürlər olsun ki, axırıncı qərardan sonra toy üçün yazılanların sayı çoxalıb. Qısa müddət ərzində günlərimizin hamısı dolub. Əvvəlki aktiv rejimə qayıtdığımız üçün çox sevincliyik”,-deyə restoran sahibi bildirir.
Leyla
Medianews.az