“Türkiyə beynəlxalq hüququn yanındadır”
“Rusiya gözləmədiyi bir bataqlığa girib”
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz Medianews.az-ın qonağı olub. Yücel Karauz bizimlə söhbətində gündəmin əsas mövzularından olan Ukrayna-Rusiya müharibəsindən danışıb.
– Hazırda dünyanın diqqət mərkəzində olan Ukrayna və Rusiya müharibəsini necə dəyərləndirirsiniz?
– Mustafa Kamal Atatürk hərb məcburi olmadıqca müharibə cinayətdir demişdi. Məncə, Rusiyanın başlatdığı bu savaş da cinayətdir. Onlar savaşmadan anlaşa bilərdilər. Müharibənin ilk 5 gününə baxdıqda görürük ki, Rusiya qısa müddətdə öz istəyinə nail ola bilmədi, Ukraynanın da zəif olan tərəfləri var. Ukrayna bəzi bölgələrini itirə bilər, itirsə belə yenə də qalibdir. Rusiya isə gözləmədiyi bir bataqlığa girib, hesablamadığı beynəlxalq basqıya məruz qalıb. İlk dəfə olaraq ruslar yenilmə qorxusu ilə üz-üzə qalıblar. Rusiya qazansa belə itirən tərəfdir. Bu müharibənin əsas qalibləri ABŞ və Böyük Britaniya olacaq.
– Türkiyənin Ukraynaya açıq dəstəyi və bu müharibədə Rusiyanı günahlandırması gələcəkdə iki ölkə münasibətlərinə necə təsir edə bilər?
– Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə çox yaxşı əlaqələri var. Bundan başqa, Türkiyə bir NATO ölkəsidir. Avropa Birliyinin də üzvlüyünə namizəd statusundadır. Türkiyə beynəlxalq hüququn yanındadır. Hazırda Türkiyədə Rusiya və Ukrayna arasında danışıqların təşkil edilməsinə çalışır. Biz sülh olmasını, insanların ölməməsini, Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını və bu müharibənin ən qısa müddətdə bitməsini istəyirik. Türkiyə bu problemin regional, yaxud Qara dəniz bölgəsinə sıçramamamasına çalışır. Bunun üçüncü dünya müharibəsinə çevrilməməsi üçün Türkiyə tərəfsiz, ərazi bütövlüyü çərçivəsində hər iki tərəfə doğru istiqamət göstərməyə və sülh üçün vasitəçi olmağa davam edəcək.
– Regionda belə bir müharibənin başlaması Türkiyə və Azərbaycana nə kimi təsiri ola bilər?
– Təbii ki, bu müharibənin həm siyasi, həm iqtisadi, həm də hərbi təsirləri olacaq. Misal üçün biz ruslardan S-400 almışdıq, bundan sonra onların alınması mümkün görünmür.
Türkiyəni ən çox maraqlandıran məsələ Qara dənizin regional təhlükəsizliyi və Montrö anlaşmasının bundan sonrakı müddətdə dilə gətirilməsidir. Azərbaycan da eyni ilə Türkiyə kimi bitərəf şəkildə bir an əvvəl sülh olmasını istəyir. Azərbaycan çox ağıllı siyasət yeridərək bir yandan Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayır, bir yandan Ukraynaya humanitar yardım və hər cür mənəvi dəstək göstərməkdədir. Bu savaş təbii ki, dolayısı ilə Türkiyə və Azərbaycana da iqtisadi baxımdan təsirsiz ötüşməyəcək. Çünki bilirsiniz ki, Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır, iş adamları çalışır, onların iqtisadi çətinlikləri Azərbaycana da yansıyacaq. Eyni zamanda, 30-32 milyon rus turistin bu mövsümdə gəlməməsi Türkiyə iqtisadiyyatı üçün də itkilərə səbəb olacaq. Ona görə də Türkiyə və Azərbaycan bu müharibənin ən qısa zamanda, beynəlxalq hüquq müstəvisində başa çatması üçün səylərini davam etdirəcəklər.
Bir sonrakı mərhələdə bəzi sıxıntılar yarana bilər. Çünki Ukrayna boğazları rus gəmilərinə bağlamamızı istəyir. Montrö anlaşmasına görə bunu etməmiz mümkün deyil. Gələcəkdə bu məsələ böyüsə və Qara dəniz münaqişə, təhlükəsizlik zonası olarsa, Türkiyə təbii NATO-dan yana mövqe sərgiləyəcəkdir. Bu təqdirdə Rusiya-Turkiyə əlaqələri gərilə bilər deyə düşünürəm.
– Davamlı olaraq sizi yerli mediamızda ekspert kimi görürük, eyni zamanda demək olar ki, hər ay Azərbaycana səfər edirsiniz. Azərbaycan sevgisi sizdə hardan qaynaqlanır?
– 2011-2013-cü illər arasında Bakı Türk Səfirliyində türk silahlı qüvvətlərinin hərbi ateşesi olaraq xidmət göstərmişəm. Daha sonra 2016-2018-ci illər arasında Milli Müdafiə Departamentində Azərbaycan Türkiyə münasibıtlərinin daha da inkişaf etməsi üçün fəaliyyətlərim oldu. Burada hərbi ateşe olarkən də Bakı Dövlət Universitetində doktranturaya sənəd verdim, yaxın zamanda məzun olacam. Müdafiə mövum I Dünya müharibəsi illərində Azərbaycanda, xüsusən də Nargin adasındakı türk əsirləri idi. Nargin adası ilə bağlı araşdırma edərkən Azərbaycan xalqının XX yüzildən etibarən Balkanda, Çanaqqalada, Türk qurtuluş savaşında verdiyi dəstək türklərə etdiyi yardımlardan xəbərdar oldum.
Türkiyə və Azərbaycan arasında iki ölkənin ələqələrinin qurulmasına xidmət etməyin, vətənə-dövlətə xidmət olduğunu düşünərək əlimdən gələni etməyə çalışıram.
Qarabağ müharibəsi başladığı andan etibarən Türkiyə və Azərbaycan medyasında düşüncələrimi bölüşdüm. Eyni soydan, eyni kökdən gələn bir millətin övladları olaraq Azərbaycan və Türkiyə maraqlarına xidmət etmək şərəfli bir işdir. Sevdamız hilalı, ayı-ulduzu bir olan millətin övladı olaraq, iki dövlətin maraqlarına xidmət etməkdir.
Xəyalə Rəis
Medianews.az