Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd edib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Bəli, düz 30 il əvvəl bu gün fevralın 25-dən 26-sına keçən gecə Xocalıda sayqırımı, faciə baş verdi. Düz 30 il Azərbaycan ədalət üçün mübarizə apardı. Dünyanın gözü kor, qulağı kar, dili lal oldu, Azərbaycanın haqlı fəryadına. Nəhayət, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu haqq-ədaləti öz gücü hesabına bərpa etdi. Tökülən qanların, günahsız canların qisasını məhz döyüş meydanında aldı. Artıq Azərbaycan torpaqları azaddır. Lakin əsrlər keçsə də, bu faciə və onun izləri dünən kimi yadımızda qalacaq. Bu vəhşilik aktı ilə əlaəqdar hələ deyiləcək çox söz, açılacaq çox sirr var.
Publika.az-ın bugünkü müsahibi Xocalı sakini və Xocalı faciəsinin şahidi Ceyran Əzizovadır.
– Xocalı hadisələrini necə xatırlayırsınız?
– Xocalı faciəsi zamanı 27 yaşım vardı, ailəli və iki uşaq anası idim. 1964-cü ildə Xocalıda anadan olmuşam, orada böyüyüb başa çatmışam. Təhsilimi də Xocalıda almışam. 1992-ci il fevral ayının 13-nə qədər Xocalıda qaldım, lakin hadisələrin ardı-arxası kəsilmədiyi və övladlarım körpə olduğu üçün həyat yoldaşım məni və iki uşağımızı Xocalıdan çıxarıb Ağdama göndərdi. Özü isə döyüşmək üçün Xocalıya qayıtdı. Düşünürdük ki, ara sakitləşəndən sona evimizə qayıdacağıq, amma sakitləşmədi… Dəfələrlə evimiz erməni yaraqlıları tərəfindən mühasirəyə alınmış, silahlardan açılan güllələr pəncərədən içəri tökülürdü. Evin divarları güllə izləri ilə dolu idi. Demək olar ki, onlar bütün silah növlərindən istifadə etməklə dinc əhalini atəşə tuturdular.