Ukrayna və Rusiya arasında yaranan gərginlikdən sonra bir çox dövlətlər Ukraynada yaşayan vətəndaşlarına çağırışlar edir, onların təhlükə altında olduqlarını bildirir, ölkələrinə geri dönməyə səsləyir və s.
Bəs Ukraynada yaşayan azərbaycanlıların vəziyyəti necədir?
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Medianews.az-ın suallarını cavablandıran zaman bildirib ki, azərbaycanlıların vəziyyəti Ukrayna xalqının vəziyyəti ilə eynidir.
“Hələ ki, təhlükəli bir şey yoxdur. Amma hər bir halda Azərbaycan Diasporu Ukrayna cəmiyyətinin bir hissəsidir. Ukrayna xalqının yaxşı və çətin günündə yanında olan, Ukraynanın ictimai-siyasi həyatında iştirak edən, sözünü deyən, mövqe sərgiləyən diaspordur. Yəni, nəticəni gözləyib ona uyğun bölgü sərgiləyən deyil, obyektiv mövqe qoyan, xalqın tərəfində olan diaspordur”.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri bildirir ki, diasporumuzu Ukrayna xalqından ayrı şəkildə müzakirə etmək düzgün deyil.
“Başqa ölkələrdə bu ola bilər, amma Ukrayna xalqı necədirsə, Azərbaycan xalqı da elədir.
Ukrayna bizim vətənimiz deyil deyə, buradan uzaqlaşmağımız qəbul edilməzdir. Burada olan Azərbaycan nümayəndələrinin özləri, ailə üzvləri, biznesləri, həyatları Ukrayna ilə bağlıdır və çoxu elə Ukrayna vətəndaşıdır”.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Radası fevralın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində “II Hesabat-seçki Qurultayı” keçirib. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak edib.
Leyla
Medianews.az