“Yalan olmasa, doğru yeriməz”
(Azərbaycan ata sözü)
Mən sizə bir qənaətimi bölüşüm: hökumətimiz getdikcə doğruçu olmağa başlamışdır. Zarafat eləmirəm. Bunun bir çox əlamətləri açıq-aşkar görünür.
İlk növbədə, doğruçuluğun artması üçün nə lazımdır? Ay sağ olasınız: yalan az danışılmalıdır. Bizdə isə yalanın lap ağını çıxarmışdılar. Bir aralar hətta afyorizm yaranmışdı, deyirdik Azərbaycanda xüsusi aldatma gününə ehtiyac yoxdur, ilin bütün günləri 1 apreldir. (Şəxsi səbəblərdən bu mənə sərf eləyirdi – doğum günüm olduğu üçün. Qoqoldur, Aqil Abbasdır, mənəm, üçümüz də eyni gündə doğulmuşuq. Rəhmətlik Bayram Bayramovun sözüylə yazsam. Bir gün kimsə Bayram müəllimdən soruşur ki, niyə böyük həcmli romanlar yazırsan, hərdən balaca hekayələr də yaz, oxumağa səbrimiz çatsın. Bayram müəllim demişdi, mənəm, Dostoyevskidir, Tolstoydur, bizim stilimiz belədir).
Doğrudur, doğrunun artımı üçün yalanın azalması vacib olmaya da bilər. Elə şərait qurarsan ki, ölkənin bir tərəfində yalan göydə uçanda, başqa tərəfində həqiqət yerdə sürünər. Atalarımız demişkən, milçək mindik, çay keçdik, yabayla dovğa içdik, heç belə yalan görməmişdik. Ancaq yalan və doğrunun bərabər tempdə artımı böyük dövlətlər üçün keçərlidir. Məsələn, Rusiyada, Çində, nə bilim, Amerikada… Vladivostokda gopa basarsan, bunun sorağı Moskvaya çatanacan, bəlkə dönüb gerçək olar. Yaxud, Kaliforniyada camaat bir zada inanar, Nyu Yorkda başqa zada. Azərbaycan kimi balaca dövlətlərdə isə yalançılıq çox çətindir. Ömrü nəinki qırx gün çəkir, heç qırx saniyə olmur. O “qırx gün” də köhnə, texnoloji inqilabdan öncəki dövrə aid rejimdir, telefon-internet-filan yox idi, həqiqəti ortaya çıxarmağa vaxt gedirdi.
Əlbəttə, hörmətli oxucular mənim boşboğazlıqdan zəhləmin getdiyini, hər bir yazımda mütləq faktlara söykəndiyimi bilirlər. Fakt budur ki, son aylarda, xüsusən çörək bahalaşandan hökumət nümayəndələrimizin hamısı bir ağızdan söyləyir: “Azərbaycan buğdaya olan ehtiyacının yalnız 60 faizə qədərini ödəyə bilir. Qalanını xaricdən almağa məcburuq”. Ən son kənd təsərrüfatı naziri İnam müəllim bunu müsahibəsində inamla söyləmişdir.
Qabaqlar, çox uzağa getmirəm, 2016, 2018-ci illərdə hökumət nümayəndələri heç belə danışmazdılar. Adlarını çəkmək istəmirəm, kimə lazım olsa internetdən tapa bilər: o illərdə hökumətimiz buğda istehsalında daxili tələbatın tam ödəndiyini açıqlayardı. Ən az deyəndə 90 faiz deyərdilər. Guya çörəyin cəmi 10 faizi xaricdən gəlirdi.
O cümlədən, kənd təsərrüfatımız dünyada ən inkişaf eləmiş aqrar sektor sayılardı. Bir kişi vardı, indi rəhmətə gedib, adını çəkmirəm, onun buğda sortlarını necə şişirtmişdilərsə az qalırdı camaat fikirləşsin ki, bəlkə cənnətdən qovulmağımızın səbəbi o kişinin buğda sortlarının çörəyini yeməyimiz üzündəndir. Rəhmətliyin taxıl tarlasının içində, əlində isə… “Mona Liza” tablosunun reproduksiyasıyla (bəlkə əsliydi, nə bilim) fotosunu yaymışdılar. “Azərbaycan fermeri” adlı o gözəl qəzet həmin məqalədə qeyd etmişdi ki, Leonardo bu tablonu necə məhəbbətlə yetişdiribsə, Cəlal müəllim də “Qaraqılçıq-1″ buğda sortunu eyni məhəbbətlə ərsəyə gətirmişdir.
Bəs axırı nə oldu? Çörəyi, unu bahalaşdırdılar və məlum oldu ki, dünyanın inkişaf eləmiş aqrar ölkələrində hər hektardan 70-80 sentner buğda alınırsa, bizim tarlalarda məhsuldarlıq 25-30 sentneri zorla keçir. Zor deyəndə, yəni fermeri tutub minsən, dırnağını idarədə qoparsan, uşağını məktəbdən qovsan və sairə.
İşsizliyin kökünün kəsilməsi, hər ay 1 milyon yeni iş yerinin açılması, maşınqayırma sənayemizin Almaniyanı, yelsəpetqayırmanın Niderlandı, mətbuatın Amerikanı ötüb keçməsi və sairə kimi söhbətlər də daha yox kimidir.
Açığı, mən hələ bilmirəm düzgün xəbərlər bizə lazımdırmı. Bəlkə də bunun altını çəkəcəyik. Yeni situasiyadır, gözləyək görək axırı necə olur.