Akif Nağı: “Bu amillər nəzərə alınmaqlaBöyük qayıdış”a başlamaq olar”
Azərbaycan 44 günlük Vətən Müharibəsində azad etdiyi Qarabağ torpaqlarında geniş abadlıq-quruculuq işləri aparır. İşğalçılardan təmizlənən ərazilərimizə təşkil olunan səfərlərin sayı durmadan artır.
Hazırda hər kəsi bir sualın cavabı maraqlandırır. Məcburi köçkünlərimiz öz doğma yurdlarına nə zaman geri dönəcəklər?
Bu istiqamətdə də ilkin addımlar atılmaqdadır. Belə ki, ötən ilin aprelində Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində təməli qoyulan “Ağıllı kənd” layihəsi çərçivəsində birinci “Ağıllı kənd”ə qayıdış bu il olacaq.
Azərbaycanda ikinci “Ağıllı kənd” isə Füzuli rayonu, Dövlətyarlı kəndində salınacaq. Bu kəndin təməli isə ötən il oktyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Füzulinin deputatı Vüqar Bayramovun bu istiqamətdə “Unikal”a verdiyi açıqlamalar diqqətləri çəkir. O bildirib ki, Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Onun sözlərinə görə, kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək.
“Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə daimi 40 olmaqla, 300-dək mövsümi iş yerləri yaradılacaq. Eyni zamanda, Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Bütün bunlar ilə yanaşı, kəndin ətrafında “Ağıllı kənd” təsərrüfatı sahəsi də olacaq. Beləliklə, sakinlərin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq”.
Deputat qeyd edib ki, kəndin enerji təminatı yaşıl və alternativ mənbələr hesabına ödəniləcək: “Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq. Artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bir sıra təkliflərini irəli sürüb: “Avtobus marşrutlarının açılması, bərpa işlərinin aparılması, əlbəttə, yaxşıdır. Amma proses həddindən artıq ləng gedir. Azad olunmuş torpaqlarda maksimum dərəcədə insanlar tez məskunlaşdırılmalı, köçkünlər öz yurdlarına qaytarılmalıdır. Mina təhlükəsi və digər məsələləri başa düşürük. Amma bütün bu amillər nəzərə alınmaqla “Böyük qayıdış”a başlamaq olar. Bunun üçün müxtəlif mexanizmlər mümkündür. Biz Təşkilat olaraq bu məsələ ilə bağlı dəfələrlə münasibət bildirmişik, müraciətlər etmişik. “Böyük qayıdış”ın tərkib hissələrindən biri Xankəndidir. Xocalı, Ağdərə və digər yerlərə ləngimədən əhalini qaytarmaq ola bilər. Həmin ərazilərdə mina təhlükəsi yoxdur, vaxtı ilə oradan çıxarılmış azərbaycanlıların evləri salamatdır. İnsanlar qayıdıb öz evlərində yaşaya bilərlər. “Böyük qayıdış”ı ehtiva edən başqa bir məsələ azad edilmiş yaşayış məntəqələrinin hər birində müəyyən sahənin qəbiristanlıq üçün ayrılması ola bilər.
Bu çətin bir iş deyil. Həmin əraziləri asanlıqla minalardan təmizləmək, yaxud təxmin olunan minasız əraziləri seçmək olar. İnsanlar vəfat etmiş yaxınlarını həmin yerlərdə az sayda mərasim iştirakçısı ilə dəfn edə bilərlər. Ən vacib məsələ tikinti işlərinin sürətləndirilməsidir. Bu məsələni Milli Məclisin üzvü Aqil Abbasla da müzakirə etmişik. Məsələnin ictimailəşdirilməsini, dövlət qurumları qarşısında qaldırılmasını xahiş etmişik. Dövlət qurumları yaşayış evlərinin tikintisi ilə məşğuldur. Amma bu, o qədər həcmli işdir ki, yalnız dövlət qurumlarının iştirakı kifayət etməyəcək. Təklif edirik ki, istənilən şəhər və ya kəndin baş planı təqdim edilsin. Həmin plana uyğun olaraq dövlət öz işlərini görsün, fərdi vətəndaşlar isə baş plana uyğun olaraq öz evlərini tiksinlər. Dövlət onlara müəyyən miqdarda vəsait də verə bilər. Bu vəsaiti kredit şəklində də ayırmaq olar. Bu təşkil edilərsə evlər, həmçinin infrastrukturlar çox tezliklə tikilə bilər. Digər tərəfdən bu işə bütün xalq cəlb edilməlidir. Bir müddət əvvəl tələbə inşaat dəstələrinin yaradılması təklif olunmuşdu. Məncə, məntiqli fikirdir. Dünyanın müxtəlif yerlərində bu formadan istifadə edirlər. Təkcə tələbələri deyil, bütün xalqı bu işə cəlb etmək, keçmişdə “ümumxalq tikintiləri” deyilən və yaxud hamilik təcrübələrindən istifadə etmək olar. Hesab edirəm ki, Milli Məclisdə ictimai təşkilatların iştirakı ilə bu məsələləri müzakirə edib, “Vahid Proqram” hazırlamaq olar”.
Cavanşir
Medianews.az
Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: “Qarabağa qayıdış”