Bir neçə gün əvvəl sosial şəbəkələrdə görüntüləri yayılan məktəbin Xətai rayon 165 saylı tam orta məktəb olması məlum olub. Daxili İşlər Nazirliyindən isə bildirilib ki, həmin görüntülərdəki şagird hazırda profilaktik uçotdadır və bütün zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, müəllim şagirdə qarşı zorakılıq, şiddət göstərə bilməz.
İlqar Orucov bildirib ki, müəllim yalnız şagirdi tənbeh edə bilər:
“Bəzən olur ki, şagirdlər müəllimin başının qarışıq olmasından, bəzən müəllimin kifayət qədər humanistliyindən sui-istifadə edirlər. Düzü şagirdlərin bu kimi hərəkətləri, davranışları hardasa başa düşüləndir. Çünki bu şagird uşaqdır və o öz enerjisini məktəbdə də olsa çıxarmalıdır. Amma burada müəllimdən də xeyli peşəkarlıq tələb olunur. Təsadüfi deyil ki, müəllim hazırlığında pedaqogika və psixologiya əsas fənnlərə bərabər tədris olunur. Müəllim, həm pedaqoq, həm də psixoloqdur.
Təbii ki, şagirdin tərbiyyə aldığı ailədən də çox şey asılıdır. Bəzən olur ki, çox tərbiyyəli ailədən çıxmış şagirdlər də uşaqlıq edirlər. Müəllim, uşaqların bu enerjisini idarə etməyi bacarmalıdır. Burada əlbəttə ki, idarə olunmayan, çətin tərbiyyə olunnan uşaqlar da var. Amma bütün sinif bu cür “at oynadır”sa, deməli burada müəllimin peşəkarlığı zəifdir, şagirdləri idarə etməsi ilə bağlı problem var. Hər zaman şagirdləri günahkar çıxartmalı deyilik. Burada müəllim məsələsi də vacib faktordur”.
Ekspertin sözlərinə görə, son dövrlərdə informasiya bolluğu, məktəblərdə şagirdlərə daha çox sərbəstliyin verilməsi, cəmiyyətdə tərbiyyə məsələsinin xeyli geri düşməsi reallıqları belə xoşagəlməz hallara gətirib çıxarır:
“Müəllimlərin yüklənmə məsələsinə gəldikdə isə deyə bilərəm ki, həqiqətən də müəllimləri bu qədər yükün altında qoymaq olmaz. Müəllimlərdən çox şey tələb edirlər. Amma onlara mümkün qədər sərbəstlik vermək, standartlardan çıxmaq lazımdır.
Müəllimləri mənasız yazı-pozu işləri ilə yükləmək yanlışdır. Bir çox hallarda bu yazılara heç ehtiyac da yoxdur”.
Leyla
Medianews.az