“Təhsil Nazirliyi təhsili whatsapp qruplarından idarə edir”
Son bir ay ərzində sosial şəbəkələrdə məktəblərdə baş verən xoşagəlməz hadisələrlə bağlı çoxsaylı görüntülər yayılmaqdadır.
Görüntülərin birində direktor şagirdi döyür, digərində şagird müəllimə qarşı qeyr-etik hərəkətlər nümayiş etdirir və s.
Məktəblərdə bu qədər özbaşınalıqların baş verməsinin əsas səbəbi nədir? Bu hadisələrin kökündə nələr durur? Bu cür halların qarşısını almaq üçün məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılmasına, sayının artırılmasına ehtiyac varmı?
Təhsil eksperti Elşən Qafarov Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, şəhər və regionlarda yeni tikili məktəblər təhlükəsiz kameraları ilə təmin olub. Amma onların hamısı işlək vəziyyətdə deyil.
“Heç kim baxmadığı üçün yaddaş diski çox zəif qoyulur. İkincisi isə həmin kameralar xarab olduqda, hansısa problemlər yarandıqda həmin kameralara diqqət göstərən yoxdur.
Məktəblərdə kameralar adətən dəhlizlərdə quraşdırılır. Sinif otaqlarında isə ümumiyyətlə yoxdur. Əlbəttə çox yaxşı olardı ki, sinif otaqlarında da olsun. Hətta dəfələrlə təklif etmişik ki, valideynlər kodu götürsünlər və öz övladlarını sinif otağının kamerası ilə izləsinlər. Amma bunu etmirlər. Nazirlik bütün müraciətlərə “hə, baxarıq” cavabı verir. Sonda isə nəticə görmürük”.
Ekspertin bildirir ki, Təhsil Nazirliyində işləyənlər, bu gün işi idarə edə bilmirlər və bu bir reallıqdır. Çünki nların başları layihələrə qarışıb.
“Məktəblərdə yaranan məsələlərin kökündə əsas o durur ki, Azərbaycanda 4432 məktəb var və bunların heç birinin fərdi nizamnaməsi yoxdur. Bütün bu məsələlər nizamnamədə öz əksini tapmalıdır. Şagird məktəbə gəldikdə nizamnamə ilə tanış olmalıdır. Bilməlidir ki, hansı qaydanı pozduqda hansı cəza və cərimə ilə qarşılaşacaq. 32 illik Azərbaycan məktəblərində bu nizamnamələr yoxdur. Dəfələrlə bu barədə müraciət etmişik. Lakin Təhsil Nazirliyində çalışan insanların təhsillə bağlılıqları olmadığı üçün bunları etmirlər. Üstəlik onlar təhsil adamlarını “adam” yerinə qoymurlar.
Təhsil Nazirliyi təhsili whatsapp qruplarından idarə edir. Təlimatlar bu qruplar vasitəsi ilə göndərilir. Nə təlimatlarda imza var, nə də qanunvericiliyə uyğun olub-olmaması bilinir. Bütün bunlar bizi günü-gündən uçuruma aparır”.
Leyla
Medianews.az