Yaz aylarına doğru daşınmaz əmlak bazarında qiymətlərin artacağı ilə bağlı məlumatlar yayılmaqdadır. Sosial şəbəkələrdə yayılan məlumata görə, indiyə qədər mənzil sahibi ola bilməyən vətəndaşların arzusunun reallaşması bundan sonra daha da mümkünsüz olacaq.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yayılan məlumatlarla bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, hələki mövsüm dəyişmədiyi üçün qiymətlərlə bağlı tam qərar vermək olmur.
Amma görünən mənzərə ondan ibarətdir ki, ötən il əmlak bazarında ciddi artımlar müşahidə olundu:
“Buna isə bir çox səbəblər var. Yeni tikili binaların əvvəlki qədər tikilməməsi qeyri-müəyyənlik yaradır və qiymət müəyyənləşdirə bilmirlər. Gedişat isə qiymətlərin artacağından xəbər verir.
Başqa bir tərəfdən baxsaq, daha çox satılan mənzillər kreditlə satılan mənzillərdir ki, bunlar da sürətlə gedir. Lakin ipoteka kreditlərinin içərisində köhnə binalara baxsaq, demək olar ki, 90 faiz hallarda 9 mərtəbəli binalara ayırılır və onlarda da ötən ilə nisbətən qiymətlərdə artımlar müşahidə olunur. Çünki 5 mərtəbəli binaların əksəriyyəti artıq istismar müddətini başa vurduğu üçün bank onlara kredit ayırmır. Təbii ki, qiymətin artması evsiz vətəndaşlar üçün ev almaq istəyini əlçatan etmir.
Bu artımın qarşısının alınması üçün müəyyən addımlar atılmalı, tikinti şirkətlərinə müəyyən güzəştlər olunmalıdır. Çünki tikintilərin sayı azaldıqca qiymətlər artır. Vətəndaşların isə bu qədər baha qiymətə ev almaq gücü yoxdur. Bu baxımdan da şirkətlər artıq şəhərin mərkəzi hissələrində bina tikməkdə həvəsli deyillər. Çünki tikinti yarımçıq qala, vətəndaşlar həmin mənzilləri almaya bilərlər”.
Ekspertin sözlərinə görə, ipoteka kreditlərində də şərtlər sadələşdirilməlidir:
“Çox vətəndaşlar var ki, onların əmək haqları imkan vermir ki, onlar ipoteka kreditlərindən yararlansınlar. Bu baxımdan rəsmi iş yeri olmayan vətəndaşlar üçün şərtlər yenilənməlidir ki, həm bu sahə inkişaf etsin, həm də vətəndaşların ev problemləri aradan qalxsın.
Bu gün Azərbaycan iqtisadiyyatının çox böyük bir hissəsi tikinti sektorundan asılıdır. Tikintilər daha çox getdikcə yeni iş yerlərinin açılması, beton, armatur, kərpic zavodlarının fəaliyyəti, mənzillər təhvil verildikdən sonra daxili təmirdə istifadə olunan bütün tikinti materialları yerli bazarın idarə olunmasına gətirib çıxarır. Daşınmaz əmlak bazarının çökməsi mebel, elektro-texnika və s. ev əşyaları da yerli bazardan alındığı üçün bu sahədə də iqtisadiyyatın zəifləməsinə gətirib çıxara bilər. Bununla bağlı ciddi addımlar atılmalıdır”.
Leyla
Medianews.az