Günlərdir Qazaxıstanda xalq üsyanı səngimir.
Məlum olduğu kimi, prezident Tokayevin dəvəti ilə Rusiya əsgərləri Qazaxıstana gəlib.
Rusiya hava-desant qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov KTMT-nin Qazaxıstandakı sülhməramlılarına rəhbər təyin edilib.
Medianews.az xəbər verir ki, Andrey Nikolayeviç Serdyukov keçmişi ilə diqqət çəkib.
Putinin ən etibarlı simalarından biri olan Serdyukov əvvəllər Birinci Çeçen müharibəsində, İkinci Çeçen müharibəsində, Donbass müharibəsində və Suriya vətəndaş müharibəsində mühüm rol oynayıb.
Qazaxıstanda yanacağın artımı ilə başlayan etirazlar hökumət istefaya getsə də səngiməyib. Prezident Tokayev hüquq-mühafizə orqanlarına və hərbçilərə xəbərdarlıq etmədən terrorçuları öldürmək üçün atəş açmağı əmr etdiyini açıqlayıb. Rusiyanın rəhbərlik etdiyi hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) də kömək istənilib.
Rusiya lideri Vladimir Putin Hava Desant Qoşunlarının komandanı Andrey Nikolayeviç Serdyukovu KTMT qüvvələrinə təyin edib.
Qeyd edək ki, Andrey Nikolayeviç Serdyukov 6 mart 1962-ci ildə keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) Rostov Vilayətinin Tatsinki rayonunda anadan olub. O 1983-cü ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib. 1993-cü ildə isə Frunze adına Hərbi Akademiyadan məzun olub. 2009-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını qızıl medalla bitirib. 2013-cü ilin fevral-oktyabr aylarında Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsini icra edib. 2013-cü ilin oktyabr ayından Cənub Hərbi Dairəsi komandanının birinci müavini – Qərargah rəisi, 2015-ci ilin dekabrından 2016-cı ilin oktyabrınadək isə Cənub Hərbi Dairəsinin 12-ci Ehtiyat Komandanlığının komandiri olub.
Andrey Nikolayeviç Serdyukov 2014-cü ildə Krımın Rusiya Federasiyasına birləşdirilməsində iştirak edib. Birinci və İkinci Çeçen müharibələrinin, Hərbi Hava Desant Qüvvələrinin birləşmiş batalyonunun Priştinaya yürüşü və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının iştirakçısı olub. Onun komandanlığı zamanı Suriyadakı rus qoşunları İdlib əyalətinin cənub bölgələrində terrorçu qrupları məğlub etməyə və Suriyanın şimal-şərqinin əhəmiyyətli bir hissəsini nəzarətə götürməyə nail olublar. 2017-ci ilin mayında Ukraynanın şərqində baş verən hadisələrlə əlaqədar Ukraynanın sanksiya siyahısına daxil edilib.
Qırğızıstan parlamenti də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qazaxıstana 150 sülhməramlının göndərilməsini təsdiqləyib. Tacikistan Assambleyası da Qazaxıstana 200 əsgər göndərilməsini nəzərdə tutan qətnaməni qəbul edib.
Rusiya ilə Qazaxıstan arasındakı sərhəd təxminən 7000 km uzanır. Bu, onu dünyanın ən uzun fasiləsiz beynəlxalq quru sərhədinə çevirir və Moskvanın təhlükəsizlik strategiyasında mühüm amildir.
Qazaxıstanda siyasi sabitlik Rusiya üçün son dərəcə vacibdir. Çünki oradakı qeyri-sabitlik onu cənubdan gələn hər cür təhdidlərə qarşı həssas edir, təkcə sərhəd geniş olduğu üçün deyil, əsasən əhalinin az məskunlaşdığı otlaq düzənlikləri boyunca uzanır və buna görə də daxil olmaq olduqca çətindir.
Turan Oruc
Medianews.az