Xəbər verdiyimiz kimi, bu gün 87 yaşlı vətəndaş Nadir Hüseynov 78 yaşlı Məsumə Dadaşova ilə 3 saylı ASAN Xidmət mərkəzində nikaha daxil olub.

Publika.az cütlüyün təəssüratlarını öyrənməyə çalışıb.

78 yaşlı Məsumə Dadaşova saytımıza bildirib ki, Nadir Hüseynovla uzun müddətdən bəri bir yerdə yaşayırmışlar:

“Bizi məcbur nikaha daxil etdilər. Qohum-əqrəba deyirdi ki, neçə ildir bir yerdəsiz, niyə nikah kəsdirmirsiniz? Yoxsa bizim nə işimizə bu yaşlı vaxtımızda evlənək? Onunla çoxdan birlikdəyik. 15 il olar ki, biz bir yerdə yaşayırıq. Övladımın biri dünyasını dəyişib. İndi bir oğlum var, gözümü ona dikmişəm. Allah sizə can sağlığı versin, minnətdaram maraqlandığınız üçün. Səhərdən bizə zəng edirlər. Xəstə, qoca kişidir, bayaqdan hirslənir. Həm ona, həm də mənə o qədər zəng edirlər ki. İnanın, halımız yoxdur danışmağa. Yazıq kişinin əsəbdən ürəyi tutub, iki dənə dərman vermişəm. Qələt eləmədik ki, bir iş tutduq”.