Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qısamüddətli olsa da, zəngin proqrama malik idi.

Türkiyə liderinin proqramını zəngin edən isə səfərin siyasi əhəmiyyəti və Bakı-Ankara strateji mövqelərinin möhkəmlənməsi ilə bağlıdır.

Ərdoğanın ilk ünvanı Füzuli Beynəlxalq Hava Limanı idi. Diqqət çəkən məqama gəlincə, qeyd edə bilərik ki, Türkiyə lideri hava limanına məhz öz təyyarəsi ilə eniş gerçəkləşdirdi, bu, özündə böyük siyasi və simvolik mənaları ehtiva edir.

İkincisi, hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana hava limanının simvolik açarları təqdim edildi.

Həmin simvolik açarların mənası: Yəni, Qarabağın açarı bizdədir və regional məsələlərdəki mübahisə doğuracaq kilidlərin açarları bizik.

Füzuli aeroportu həm də strateji əhəmiyyətə malikdir, ümumiyyətlə Qarabağda hava limanlarının tikintisi həmin ərazilər üçün yeni təhlükəsizlik zolağının yaradılmasına hədəflənən strategiyadır.

Əliyevlə Ərdoğan daha sonra Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydu.

Bu avtomobil yolu Zəngəzur dəhlizinin tərkib hissəsidir, hərçənd ki, bu günə qədər Ermənistan bu məsələyə qarşı çıxan bəyanatları gündəmə daşıyırdı.

İlham Əliyev dəmiryolu ilə yanaşı, avtomobil yolunun da Zəngəzur dəhlizinin tərkib hissəsi olmasını şərt kimi irəli sürmüşdü.

İndi yolun təməlinin qoyuluşu onu göstərir ki, Ermənistan həmin şərti qəbul etmək məcburiyyətində qalıb.

Demək ki, bu zamana qədər Ermənistandan verilən bəyanatlar sadəcə daxili auditoriyanın gözünə kül üfürmək idi.

Hazırda iki ölkə – Azərbaycan və Türkiyə maraqlarını Rusiya ilə uzlaşdırır, Qərb isə hələlik “ofsaytda” görünür.

Rusiya ilə Türkiyəni yaxınlaşdıran səbəblər isə Qərbin hər iki ölkəyə qarşı münasibətindəki sürüşkən mövqeyidir.

Buna görə də, Azərbaycan-Türkiyə-Rusiya üçbucağı önə çəkilir, hərçənd ki, burada Moskvanın maraqlarının böyükmiqyaslı ambisiyaya çevrilməməsi Bakı-Ankara ortaq strateji gedişatlarına daxildir.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqroparkı”nın açılışını etdikdən bir neçə saat sonra mətbuata birgə bəyanat verdilər.

İlham Əliyevin çıxışının əsas tezisləri:

1. Bakı-Ankara əməkdaşlığı regional işlərdə, hətta dünya çapında önəmli amilə çevrilib;

2. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli faktorlardan biridir;

3. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Bu o deməkdir ki, Bakı-Ankara tandemi dəhlizin reallaşması üçün bütün vasitələrdən istifadə etmək iqtidarındadır;

4. İlham Əliyev 10 ölkənin (ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya) Ankaradakı səfirlərinin Gəzi hadisələrinə görə həbs olunan Osman Kavalanın azadlığa çıxmasını tələb etmələrini tənqid edib.

“Heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik”, – deyə İlham Əliyev bəyan edib.

Bu, Bakının bütün məsələlərdə Ankaranın yanında olduğunun bəyanıdır.

Rəcəb Tayyib Ərdoğanın mesajlarına gəlincə:

1. Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələri gələcəkdə daha da dərinləşəcək;

2. Regiondakı yeni layihələr bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Bu tezis İrana və Gürcüstana mesaj xarakteri də daşıyır. Tehran Bakı ilə son gərginlikdən sonra Zəngəzur dəhlizinə qarşı çıxır, Gürcüstan isə bu koridora qoşulub-qoşulmayacağına dair tərəddüdlərini dilə gətirir;

Prosesin ağrısız keçməsi üçün isə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması zəruridir. Ərdoğanın bu yöndə verdiyi mesaj əsasən Ermənistana və onun yatmış revanşist duyğularını oyatmağa çalışan qüvvələrə xəbərdarlıqdır. Yəni “sən də, sənə havadar olanlar da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” ismarışıdır.

“Əgər Ermənistan Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq”, – deyə Ərdoğan bildirib.

Ərdoğanın bəyanatı göstərir ki, Ermənistanın mövqeyi onun taleyini müəyyən edəcək.

Əliyev-Ərdoğan təmaslarında liderlərin hərəkətləri onların son proseslərin nəticələrindən məmnun qaldıqlarının göstəricisidir. Amma bu məmnunluq təbii ki, bəzi qüvvələri narahat edir, bununla belə proses qarşısıalınmaz xarakter alıb. Kimin nə istəməsindən asılı olmayaraq, Bakı-Ankara öz maraqlarını diktə edən ikiliyə çevrilir.

Aqşin Kərimov