Yeni mutant kimi qələmə verilən AY.4.2 ştammı əslində yeni deyil.

Medianews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib.

Direktor müavini deyib ki, bu virus iyulda identifikasiya olunub: “Buna “Delta plyus” ştamı deyilir. “Delta plyus” ştammının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən dayanıqlılıq göstərir”.

A.Qurbanov deyib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub: “Delta plyus” ştamları “Covid-19” virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da mutasiyalar gözləyə bilərik. “Covid-19” virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.

Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya “Delta plyus” ştamına qarşı effektivliyini qorumaqdadır”.