Abşeron rayonunda hamilə arvadını qətlə yetirməkdə təqsirli bilinən Anar Bəkirovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Medianews.az “Ölkə.Az”a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Anar Bəkirov yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya coxsaylı bıçaq xəsarətləri yetirib sonda isə qadının boğazını kəsib. Leyla Bəkirova aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Qətli törətməkdə şübhəli bilinən Anar Bəkirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən zaman qadının 7 aylıq hamilə olduğu məlum olub.

İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinni 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindiriləmiş Anar Bəkirov ifadəsində bildirib ki, 1991-ci ildə Ağsu rayonunda anadan olub. 2011-ci ildə hərbi xidmətdən qayıdıb rayonda yaşayıb. Bir müddətdən sonra Bakı şəhərinə köçüb. Əvvəl şadlıq evində ofisiant işləsə də daha sonra firma açaraq şəxsi işə başlayıb. 2014-cü ilə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi nəvəsi olduğunu bilib. Bir neçə il görüşəndən sonra 2017-ci ildə ailə qurublar. Qardaşı Elvin ona Qobu qəsəbəsində həyət evi alıb. Qanlı hadisə baş verən günədək həmin ünvanda yaşayıblar.

2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu deyib. Ailə üzvləri və qohumlarıda bunu biliblər. Yoldaşı bağçada işləyib və pandemiya vaxtı olduğu üçün nə özü nə də yoldaşı işə getməyiblər. Bütün gün evdə olublar.

Ölkə.Az-ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Bəkirov ifadəsinin davamında bildirib ki, aprelin 29-da axşam başını yumaq üçün Leylaya su qoymasını tapşırıb. Arvadına başına su tökməyi xahiş etdikdə sonunu əsəbi halda “hər şeyi mən edirəm, sən heç nə eləmirsən” deyib. Su tökməkdən imtina etdiyinə görə başını yumayıb və yoldaşı ilə bu zəmində mübahisə edib:

“Başımı qırxdırıb gəlmişdim evə. Yoldaşıma dedim ki, suyu qızdır başımı yuyum. Dedi, get özün hazırla. Mətbəxdən çayniki (çaydan) götürüb tökdüm vedrəyə dedim gəl başına su tök yuyum. Mənə qayıdıb dedi ki, eləmirəm özün elə. Bunun üstündə başladıq mübahisə eləməyə”.

Daha sonra qadın evə qayıdaraq divanda oturub. Anar da onun arxasınca gələrək ondan körpə uşağə yatırmasını tələb edib. Qadın divanda ayaqları üzərində yastıqda qızını yelləyərək yatıran zaman Anar mətbəxdən bıçağı götürüb şalvarının kəmərinə keçirirək otağa qayıdıb və arvadının qarşısına keçib. Bir qədər səssiz dayanaraq yoldaşına diqqətlə baxdıqdan sonra bıçağı çıxarıb yuxardan aşağı Leylanın ürək nahiyyəsinə bir dəfə möhkəm zərbə endirib. Yoldaşı qışqırıb ayaqlarını özünə tərəf çəkib və bir qədər həmin vəziyyətdə qalıb. Qadın ayağa qalxıb onu itələyən zaman kürək nahiyyəsinə xatırlamadığı sayda xəsarətlər yetirib onu yerə yıxıb. Səsinin çıxmaması üçün sağ əli ilə ağzını örtüb sol əli isə qadının başını kəsməyə başlayıb. Həmin an arvadı əlini dişləsə də, sonra artıq müqavimət göstərə bilməyib:

“Bıçaqla vurandan sonra durdu gəldi üstümə. İtələdi məni, firlatdım yıxdım yerə kürəyinə başladım zərbələr vurmağa. Sonra əlimi saldım ağzına ki, nəfəsi gəlməsin gördüm ölmür, başını kəsdim”.

Anar Bəkirov daha sonra qardaşına zəng edərək yoldaşını bıçaqlayıb başını kəsdiyini bildirib. Qardaşı Elvin gələnə qədər döşəmədə olan qan ləkələrini və qızının qana bulaşmış ayaqlarını yuyub. Evə gələn qardaşı meyiti görüb ondan nə üçün belə hərəkət etdiyini soruşub. Sonra isə hadisə barədə 102 xidmətinə məlumat verib.

Anar Bəkirov ifadəsində əlavə edib ki, ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb. Hadisəni törədən vaxt evdə yoldaşı və qızından başqa kənar şəxs olmayıb.

Bıçağı götürüb Leylanın yanına qayıtmasına onu əsəbləşdirməsi ünvanına söyüşlər söyüb aqressiv cavablar qaytarması səbəb olub.

Zərərçəmkiş şəxsin hüquqi varisi Sevda Şəkərova ifaədsində göstərib ki, qızı Leyla əmisi oğlu Anarla bir-birilərini sevib ailə həyatı qurublar. Ailələrində heç vaxt mübahisə olmayıb. Anar çox qısqanc olub. Qızı ondan icazəsiz heç yana getməyib. Axırıncı səfər qızı ilə həmin gün saat 21:00 radələrində danışıb. Ayın 30-u qardaşı zəng edib Anarın Leylanı qətlə yetirməsini xəbər verib.

Müayinə zamanı Anar Bəkirovda sayıqlama xarakterli qısqanclıq fikirləri aşkarlanıb. Həmçinin Bəkirovun marixuana ilə yanaşı, bir neçə dəfə “metanfetamin” və “tiryək” qəbul etməsi məlum olub.

Təyin edilən məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Anar Bəkirov cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini dərk etmək iqtidarında olmayıb. Onun əməli CM-nin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşüb.

Məhkəmə narkoloji ekspertizasının rəyinə görə təqsirləndirilən şəxsdə psixoaktiv maddələrin qəbulu nəticəsində aslılıq sindromu aşkar edilib.

Məhkəmə hesab edib ki, Anar Bəkirovun CM-nin 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.8-ci ( hamilə vəziyyətdə olan qadını öldürmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməydə təqsirli olması tam sübuta yetirilib.

Sonda məhəkə qərara alıb ki, Anar Bəkirov CM-nin 120-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq olunsun.