Bakıda avtobus və minik avtomobilinin sürücüləri arasında insident baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, paytaxtda fəaliyyət göstərən sərnişin avtobusunun sürücüsü ilə “Toyota” markalı 99-VF-807 dövlət nömrə nişanlı avtomobilin sürücü arasında mübahisə yaşanıb.

Tərəflər bir-birinin ünvanına söyüş və ağır təhqirlər səsləndiriblər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən hadisə oktyabrın 12-də 20 Yanvar dairəsi yaxınlığında baş verib:

“Həmin minik avtomobilinin sürücüsü qanunsuz sərnişindaşıma fəaliyyəti göstərib. Belə ki, “Menlok” MMC-nin müvəqqəti istismarında olan 67 nömrəli xətt üzrə avtobus dayanacağa daxil olmaq istəyən zaman orada dayanan minik avtomobili buna maneə yaradıb. Qeyd edim ki, həmin minik avtomobilinin sürücüsü qanunsuz sərnişindaşıma fəaliyyəti göstərib. Avtobus sürücüsünün haqlı tələbinə baxmayaraq, minik avtomobilinin sürücüsü buna qarşı çıxıb, nəticədə bu cür xoşagəlməz hal yaşanıb.

Bu məsələ bir daha qeyri-formal daşımaların nəqliyyat sistemi üçün ciddi problemə çevrildiyini göstərir. Bu gün 20 Yanvar dairəsi ətrafında müşahidə edilən xaotik nəqliyyat şəraitinin də ən başlıca səbəbi məhz qeyri-formal daşımalardır. Hesab edirəm ki, bu cür qeyri-formal daşımalara qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Çünki qeyri-formal daşımalar yollarda süni sıxlıqların yaranmasına da təsir edir”.