Fransa və siyasətçilərinin erməni “sevgi”si bitib-tükənmək bilmir.

Bu dəfə Parisin meri Ann İdalqo qalmaqallı fikirləri ilə gündəmə gəlib. 2022-ci ildə keçiriləcək seçkilərdə prezident seçilməyi də düşünən bu qadın ölkəsinin Qarabağı müstəqil dövlət kimi tanıya biləcəyini bildirib.

Əslində, Ann İdalqonun bu açıqlamasını (seçkilərdə namizədliyini irəli sürdüyünü düşünsək) qismən məntiq çərçivəsinə salmaq, bəlkə də, mümkündür. Çünki fransız siyasətçi iqtidara gəlmək üçün Fransada yaşayan ermənilərin səslərini özünə çəkmək istəyir. Ancaq məntiq çərçivəsi bu xanımın təsəvvürlərində olduğundan daha böyükdür. Odur ki, məntiqi Ann İdalqonun dar təsəvvürlər dünyası ilə eyniləşdirmək gülüncdür. Çünki bu çərçivədə sözügedən sərsəm fikirlərə heç cür yer ola bilməz.

Ann İdalqo müstəqilliyini tanımaq istədiyi “qurum”un mövcud olmadığından bixəbər təəssüratı yaradır. Çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti yoxdur, mövcud deyil, ortada belə bir münaqişə yoxdur, münaqişə həllini tapıb, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu iddialar da Ermənistan ordusu ilə birgə tarixin tozlu səhifələri arasında itib-batıb.

Bir ehtimal da var ki, Ann İdalqo bu açıqlama ilə formalaşdırdığı təsəvvürlərdəki kimi savadsız, dar düşüncəli və məntiqsiz biri deyil. O zaman ortaya daha gülünc bir mənzərə çıxır. Belə ki, fransız xanım erməniləri ələ salır. Mövcud olmayan bir şeyi tanıyacağını deməklə, ermənilərə heç zaman baş tutmayacaq bir vəd verərək onları lağa qoyur.

Birinci və ya ikinci versiya – hansı olur-olsun Ann İdalqonun açıqlaması onun siyasi karyerasının gələcəyi üçün ümid vəd etmir. Birinci halda siyasətçinin savadsızlığını, məntiqsizliyini, ikinci halda isə öz mənfəəti naminə bir xalqı ələ salmasını ortaya qoyur.

OXU.AZ