Paytaxtda polislərdən qaçmaq istəyən sürücü bir neçə dəfə paytaxt ərazisində cəmiyyətə hörmətsizlik edərək, yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib.

Medianews.az xəbər verir ki, bu barədə “oxu.az”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol polisi əməkdaşları yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən sürücü barəsində tədbir görüməyə çalışıb:

“Bu zaman şəxs polisə tabe olmayıb. Əksinə baş verən hadisəni daha da gərginləşdirməyə çalışıb. Ətrafdakı sürücülər hadisəyə reaksiya verərək, yol polis əməkdaşına kömək etməyə çalışıblar.

Sözügedən sürücü ətrafda olan bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub. Sürücü saxlanılıb. Hadisə barəsində aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq şəxs barəsində qanunauyğun tədbirlər görüləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə paytaxtda polislərdən qaçmaq istəyən sürücünün digər avtomobillərə zərər vurduğunun görüntüləri yayılıb.

Belə ki, 50-ED-532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.