Ermənistanın Gorus-Qafan avtomobil yolunun Azərbaycandan keçən hissəsində Azərbaycanın rüsum tələb etməsinə görə yüklərini daşıya bilmədiklərini deyən iranlı sürücülər Yerevanda BBC News Azərbaycancaya danışıblar.

Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.

Azərbaycan Daxili İşlər Nazirliyin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya bildirib ki, sözügedən yer Azərbaycanın ərazisidir və orada hərəkət edən avtomobillər “müvafiq qaydada yoxlanıla bilər”.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına “Bakının icazə vermədiyini” xatırladılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri “vəziyyəti tənzimləmək üçün Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə iş” apardıqlarını açıqlayıb.