Azərbaycan-Türkiyə ordularının birgə hərbi təlimlərinin intensivləşdiyi, Azərbaycan polisinin Gorus-Qafan yolunda post quraraq Ermənistana İrandan girən avtomobilləri yoxladığı bir zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın regiona səfəri diqqət çəkir.

Avropa İttifaqının regionda postmüharibə dövrü üçün maraqlarını bundan əvvəlki yazılarımızda aydınlaşdırmağa çalışmışıq.

Yeni səfər fonunda isə Avropa İttifaqının strateji hədəflərini bir daha xatırlatmaq yerinə düşər.

1. Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İttifaq dəhlizi Çinlə ticarətin inkişaf etdirilməsində orta dəhliz statusunda nəzərdən keçirir,

2. Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasında vasitəçilik təşəbbüsünü ələ alıb Rusiyanın mövqeyini neytrallaşdırmaq istəyir,

3. Avropa İttifaqı Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaq niyyətindədir, bu coğrafiya Avropa İttifaqına əlavə iqtisadi dividentlər baxımından vacibdir.

Avropa İttifaqını, o cümlədən onun lokomotiv üzvü Fransanı narahat edən məsələ isə Türkiyə amili ilə əlaqədardır, İttifaq Türkiyənin regionda möhkəmlənməsindən və hərbi iştirakının artırmasından narahatdır.

Regionda qlobal güclərin geosiyasi maraqları toqquşur, hərçənd Bakının diplomatiyasında mexanizm elə qurulub ki, bu maraqlar praktiki olaraq böyük ambisiyalara çevrilə bilmir.

Bakıya ən böyük dəstək Türkiyədən gəlir, birgə hərbi təlimlərin yeni coğrafiyaya – Laçına daşınması isə Azərbaycan-Türkiyə müştərək maraqlarının miqyasının genişlənməsindən xəbər verir.

Təlimlərin keçirilməsi ərəfəsində Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan, Kəlbəcər, Laçın istiqamətində atəşkəsin intensiv pozulması halları müşahidə edilirdi, indi isə erməni təxribatları səngiyib.

Azərbaycan Zəngəzur dəhlizinin tam gücü ilə işə düşməsi üçün strateji yüksəkliklərdə mövqe qurmaq zərurətini ortaya qoydu, çünki bu, Bakının İrəvan üzərində diktə gücünü artırmaq demək idi. Ermənistanın atəşkəsi pozmaq səbəbi də Azərbaycan ordusunun daha irəli ərazilərdə mövqelənməsinin qarşısını almağa hesablanmışdı, amma bunun nəticəsinin olmayacağını özləri də dərk edirdilər.

İndi isə Toivo Klaarın regiona, o cümlədən Naxçıvanla sərhədə, Arazdəyən kəndinə gəlişi hərbi mövqelərin müqayisəsi, bunun perspektiv üçün hansı nəticələrə gətirib çıxaracağı analizi baxımından Avropa İttifaqına lazımdır.

“Bu səfərim məndə Ermənistan və Azərbaycanın hərbi mövqelərinin nə qədər yaxın olduğuna dair yaxşı təəssürat yaratdı. Dialoq mühiti yaratmaq üçün sərhəddəki gərginliyi azaltmaq çox vacibdir. Avropa Birliyi bu mövzuda dəstək verməyə hazırdır”, – deyə, Klaar bildirib.

Bəli, gərginlik azaldılmalıdır, amma buna görə yayğın, ikibaşlı diplomatik bəyanatlardansa İrəvana konkret təzyiq mexanizmlərini tətbiq etmək vacibdir.

Gərginliyin azalması Ermənistanın mövqeyindən asılıdır, hərçənd ki, İrəvan mövqeyini dəyişməsə belə, Azərbaycan yenidən başqa metodlarla ona diktəsini yeridəcək.

Toivo Klaar sentyabrın 16-da Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. Zakir Həsənov ona Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alındığı və bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyini xüsusi vurğulayıb.

Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.

Yəni, Azərbaycana kimin hansı statusda və portfelində hansı paketlə gəlməsindən asılı olmayaraq Bakı öz prinsipial mövqeyini çatdırır və hərbi güc tətbiqini də aşkar bildirir.

Toivo Klaarın səfərinin məqsədlərindən biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair Ankaradan və İrəvandan verilən isti mesajlarla bağlı ola bilər.

Bu məsələdə mövqelərin uzlaşdırılması vacibdir, Avropa İttifaqı elə seçim etməlidir ki, nə Ankara, nə də Bakı narazı qalmasın.

Ümumilikdə Toivo Klaarın regiona səfəri sülh hazırlığı prosesi üçün vacibdir. Klaar Azərbaycan və Ermənistanın mövqelərini indiki şəraitdə öyrənmək baxımından bu səfəri gerçəkləşdirdi, indi o, portfelindəki mövqeləri Brüsselə təqdim edəcək.

Oxu.az