Bakıda avtomobilin içərisində qapalı qalan fiziki məhdudiyyətli azyaşlı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən çıxarılıb.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, azyaşlı ailəsinə təhvil verilib:
“Hadisə paytaxtın Xətai rayonunda, Gənclik parkı yaxınlığında qeydə alınıb. Valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Polis əməkdaşlarına isə ərazidəki vətəndaşlar məlumat veriblər.
Polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüb. Uşaq avtomobildən çıxarılıb, valideynləri axtarılıb və azyaşlı ailəsinə təhvil verilib. Valideynlər bildiriblər ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”.