İndiki Ermənistan dövlətciyinin ərazisində qalan yer-yurd adlarımızın tarixi deyiliş, yazılış formalarına qayıtmaq üzrə siyasi rəhbərliyin başlatdığı kampaniya yaxşı, gərəkli addımdır, ancaq bizim yer adlarımızı dəyişdirən və unutduran təkcə ermənilərdirmi?
Kampaniyanın şiddətli günlərində bir hörmətli jurnalistimizin açıqlamasına rast gəlmişdim, deyir, pasportumda doğum yerimin Vardenis yox, Basarkeçər yazılmasını istəyirəm. Buna imkan verməyən kimlərdir? Öz məmurlarımız. Elə jurnalist də daha sonra bunu açıqlayır, idarələrdə üzləşdiyi çətinlikdən və axırda həmin məmurlara məğlub olmağından bəhs edir.
Vəziyyəti dəyişmək üçün məhz o idarələrə konkret göstərişlər, sərəncamlar vermək lazımdır. Əks halda, yenə “doğum şəhadətnamənizdə Vardenis yazılıbsa, bunu Basarkeçər-ə dəyişə bilmərik” bəhanəsi irəli sürüləcək.
Sözgəlişi, tarixi yer adlarımızın bərpasından danışırıqsa, görəsən, bizdə niyə hələ də rusların sırıdığı “…ov”, “…yev”, “…ova”, “…yeva” soyadları qalmaqdadır? Bunu bütünlüklə dəyişmək pulu başdan aşan respublika üçün çox çətindirmi? Bircə fərman yetərdi. Ancaq başda oturanlar özləri daxil, bunu etmirlər.
Örnək də var. Elə həmin 90-larda latın qrafikasına keçmək, kirildən qurtulmaq haqda qanun vardı, buna əməl edənlər isə çox az idi. Yadımdadır, deyəsən, yeganə olaraq Müdafiə Nazirliyi bütün kargüzarlıq işlərini latınla aparmağa başlamışdı (Səfər Əbiyevdən gözlənilməz millətçilik). Nəhayət, 2001-ci ildə prezident qəti fərman verdi, bir gündə hamı latına keçdi. Vəssalam. Bununla da yarı kiril, yarı latın xaosu bitdi, getdi işinin dalıyca.
30 ildir müstəqil olmuşuq, lakin hələ də başqa xalqın soyadını daşıyırıq. Əcaib durumdur. Bunun mənasını kim izah edə bilər? “Biz doğulanda belə idi”, “Bizi belə tanıyıblar” kimi absurd bəraətlər, müdafiə cəhdləri işə yaramır. O zaman Vardenisin adını niyə dəyişirsiniz? Adamın “metrikasında” belədir də!
Ən karikaturu odur ki, bəzi soydaşlarımız guya yenilik edib rus soyadlarını… fars soyadı “…zadə”yə dəyişirlər. Fərqi nədir, məlum deyil. O cümlədən mən 20 ilə yaxındır soyadımdakı mənasız “…yev” şəkilçisini atmışam (bunun üçün mənə şərait yaradan və bürokratik əngəl törətməyən Füzulu RPŞ-nin gözəl əməkdaşlarına fürsət ikən iyirmi ildir saxladığım təşəkkürümü çatdırıram), ancaq hərdən hansısa dövlət idarəsində sənədləşmə aparılanda baxıram məmur ora bunu təzədən artırıbdır. Şəxsiyyət vəsiqəmi də göstərirəm, başa düşmürlər, təkidlə məni təzədən “Hacıyev”ə döndərmək istəyirlər. Tragikomediyadır.
Bayaq 90-ları xatırlatdıq. O zaman alim Əziz Ələkbərli “Qədim Oğuz-Türk yurdu ”Ermənistan” adlı bir kitab yazmışdı, orada ermənilərin dəyişdiyi bütün toponimlərimizi adbaad göstərmişdi. Əziz bəyin bu sahədə respublikada ən güclü mütəxəssislərdən biri, bəlkə birincisi olması qənaətindəyəm. Hazırda deputatdır, bununla işim yoxdur. Ancaq onu başqa alimlərdən həm də toponimikada sözü boş yerə işlətməməsi, elmi şəkildə sübut etməsi fərqləndirir. Əlqərəz, həmin 1994-cü ildə Ələkbərli Ermənistanda adı zorla erməniləşdirilən yurd adlarımız haqda kitab yazmışdı və sizcə, həmin kitabın sponsoru, çapına yardım edən kim olmuşdu? Bəlkə hakimiyyətdə o zaman çoxluq təşkil edən qərbi azərbaycanlı elita? Yanılırsınız. Kitabı… Müsavat başqanı İsa Qəmbər çap elətdirmişdi.
Daha sonra iqtidarın Ermənistandakı yurd yerlərimizlə bağlı başqa qeyri-səmimiliyi ortaya çıxmışdı: ermənistanlı qaçqınların SSRİ pasportunu yığıb müstəqil dövlətimizin pasportlarıyla dəyişəndə həmin köhnə pasportları, əslində mühüm tarixi sənədləri məhv eləmişdilər. “Prosedur belədir, təzəsi verilirsə, köhnə pasport ləğv olunmalıdır” adıyla. Bununla biz yurd yerlərimizi isbat edən çox önəmli sənədlərdən məhrum edilmişdik. Bəs bu cinayətin cavabını, görəsən, indi kim verəcək?
Yaxud Gürcüstanda nə qədər yer adlarımız dəyişdirilir, örnək üçün, bir nəfər gürcünün yaşamadığı Faxralı kəndi Talaveri kimi absurd adla sənədləşdirilib. Buna niyə etiraz eləmirik?
Uzağa getməyək, mən bu temada bir-iki dəfə yazmışam, yenə yazıram: nə üçün Füzuli şəhərinin tarixi adı Qarabulaq bərpa edilmir? Şairə hörmətimiz var, bunun məsələyə dəxli yoxdur. Lap istəsəniz rayonun adı Füzuli qalsın, mərkəzi isə Qarabulaq olsun.