Ermənistan baş nazirinin qaynı, “Vətəndaş sazişi” partiyasının parlamentdə təmsil olunan üzvü Qraçya Akopyan müxalifət üzvləri ilə əlbəyaxa davaya çıxdığına görə parlamentin iclas salonundan çıxardılıb.
Söyüş söyən Qraçya Akopyanın parlament salonundan çıxarılmasını əks etdirən görüntülər “Sputnik” Ermənistanın “Telegram” kanalında dərc edilib.
Ermənistan parlamentində müxalifətlə hökumətyönlü deputatlar arasında dava “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ayk Sarkisyanın çıxışı zamanı başlayıb.
Ayk Sarkisyan “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanı vətənə xəyanətdə ittiham edib.
Buna cavab olaraq Seyran Ohanyan Ayk Sarkisyana tərəf su butulkası atıb.
Qraçya Akopyanın sözlərinə görə, onu qəzəbləndirən elə bu hərəkət olub.
“Seyran Ohanyan butulkanı götürdü və Ayk Sarkisyana tərəf atdı. Sonra da bütün bunlar oldu. Bu müxalifətçilərin kim olduğunu görün”.
O, zaldan niyə çıxarıldığı haqda suala cavabında isə deyib: “Bilmirəm, mən hirslənib özümdən çıxmışdım”.